Obyektlərin müflisləşərək qapanmasının, icarə sahələrinin boş qalmasının başlıca səbəbi ayrıdır – ölkədə istehlakçı tələbatının kəskin düşməsidir.
Bu gün, 00:02

İcarənin baha olması səbəbindən obyektlərin qapanması haqqında danışanların bir çoxu bunun iqtisadi səbəblərini görə bilmir. Guya hansısa mülk sahibləri icarəni “baha” satır deyə, qiymət biznesə sərf etmirmiş və obyektlər buna görə müflis olurmuş.
Doğrusu, işi belə təsəvvür edən iqtisadi fəalların dediklərində biraz həqiqət də var. Ayrı-ayrı qərarlar və ya vərdişlər qiymət tarazını qısa müddətə poza bilər. Amma Milton Friedman dediyi kimi, iş adamı olmaq hələ bazar iqtisadiyyatına düzgün baxışa sahiblənmək mənasına gəlmir.
Obyektlərin müflisləşərək qapanmasının, icarə sahələrinin boş qalmasının başlıca səbəbi ayrıdır – ölkədə istehlakçı tələbatının kəskin düşməsidir.
İstehlakın düşməsinin hazırda iki ən bariz təzahürü var – idxalın və dollara tələbatın azalması.
Pandemiyadakı kəskin geriləmədən sonra idxalımız əvvəlcə 3 il azacıq bərpaedici artım göstərdi, amma ötən il yenə 8 faiz düşdü, cari ilin 7 ayında isə lap 28 faiz çökdü. Valyuta hərraclarında da mənzərə eynidir – cari ilin birinci yarısında dollara tələbat ötən illə müqayisədə 4 qat aşağı düşdü.
Bunlar ölkədə istehlakın kəskin azalmasından xəbər verən göstəricilərdir. Əhalimiz daha pul xərcləmək istəmir və bunun bir neçə səbəbi var:
1) hər il 20000+ nəfər yüksək istehlak ehtiyacı olan vətəndaşın ölkəni tərk etməsi və tədricən ölkənin ancaq aşağı istehlak tələbatlı vətəndaşlara qalması;
2) əvvəllər sağa-sola pul xərcləyən dövlətin qənaət rejiminə keçməsi;
3) paralel iki vergi sisteminin varlığı;
4) birinci vergi sistemində vergilərin, o cümlədən cərimələrin, artırılması;
5) ikinci vergi sistemində yığımların azalmaması, bəlkə də artması;
6) iki paralel vergi sisteminin iştahından sığortalanmaq üçün vətəndaşın daha az pul xərcləməsi, hətta bəzilərinin yorularaq xərcləmək əvəzinə pulu ölkədən köçmək məqsədi ilə yığması.
Bütün bu amillər istehlakçı tələbatını bərk azaldır deyə, obyektlər “əvvəlki” icarəni ödəməkdə çətinlik çəkir. Mal və xidmətlərin alıcısı tükənəndə iş adamının gözünə icarənin qiyməti daha böyük görünməyə başlayır.
YAP hökumətinin iqtisadi komandası indi mat qalıb bilmir nə etsin. İstehlakı gücləndirməyin standart və dar mənalı tənzimləmə tədbiri kimi hökumət istərdi ki, Mərkəzi Bank faizləri azaltsın. Amma əvvəla, bu azaltma sistem problemini aradan heç qaldırmaz. Üstəgəl, onsuz da yüksək olan inflyasiyanı daha da qızışdırar.
Artan vergisi ilə, üstəgəl paralel vergisi ilə, artan cəriməsi ilə, üstəgəl parallel cəriməsi ilə əhalini pul xərcləməkdən tam çəkindirən YAP hökumətidir, amma bəzi şərhçilər mülk sahiblərinin üstünə düşür ki, icarəni baha verirsiniz.
Baha görünən icarə qiyməti bir gün əlbəttə düşər. Bazar özünü mütləq tarazlayacaq – amma yenə də: dövlətimizin iki paralel vergi sistemi və tələbat diqtə elədiyi qədər. Ondan aşağı qiymət düşə bilməz. Problemləri kökündə vurmaq lazımdır, əlamətləri ilə mübarizənin bir anlamı yoxdur.
İlqar Məmmədov
TEREF

