Hindistanın Rusiya neftindən asılılığı rekord həddə çatıb
Bu gün, 17:44

İyun və iyul aylarında Hindistan sutkada 2,6 milyon bareldən çox Rusiya nefti idxal edib.
Valyuta.az-ın məlumatına görə, bu barədə “Financial Times” (FT) "Kpler" məlumatlarına istinadən yazıb.
Qeyd edilib ki, bu həcm ölkənin ümumi xam neft idxalının yarısından çoxunu təşkil edir.
Hələ fevral ayında Hindistanın Rusiyadan neft idxalı sutkada təxminən 1 milyon barel təşkil edirdi. Kpler məlumatlarına görə, ümumilikdə Hindistanın sutkalıq neft idxalı 5 milyon barelə çataraq ABŞ və İsrailin fevralın sonunda İrana qarşı bombardmanlara başlamasından bəri ən yüksək səviyyəyə yüksəlib.
FT qeyd edir ki, Hindistan ötən il ABŞ prezidenti Donald Trampın Nyu-Dehlini Ukraynadakı hərbi münaqişəni maliyyələşdirməkdə ittiham etməsindən sonra Rusiya neftinin idxalını azaltmışdı.
Lakin Vaşinqtonla Tehran arasında sülh sazişinin hələ də əldə olunmaması və Yaxın Şərq neftinin Hörmüz boğazından tranzitinin ciddi şəkildə çətinləşməsi Hindistanı Rusiyadan neft idxalını yenidən artırmağa vadar edib.
FT-nin danışdığı ekspertlərin sözlərinə görə, Tramp “Fars körfəzindəki böhranın nəticələrini məhdudlaşdırmaq cəhdi çərçivəsində” Hindistana Rusiya nefti almağa imkan verən istisnalar təqdim edib.

