Ramiz Mehdiyevlə bağlı hələ də rəsmi açıqlama verilməməsinin səbəbi nədir?

19-11-2025, 16:58           
Ramiz Mehdiyevlə bağlı hələ də rəsmi açıqlama verilməməsinin səbəbi nədir?
Ramiz Mehdiyevlə bağlı son günlər mediada yayılan müxtəlif iddialar geniş müzakirələrə səbəb olsa da, rəsmi qurumlar tərəfindən hələ də bu məlumatların heç biri təsdiqlənmir və təkzib olunmur.

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bu susqunluğun ciddi narahatlıq yaratdığını bildirib.

Tural Abbaslının sözlərinə görə, həm ciddi, həm də qeyri-ciddi media resurslarında Ramiz Mehdiyev haqqında cinayət işi açıldığı, istintaqa cəlb olunduğu, yaxın çevrəsindəki bəzi şəxslərin dindirildiyi, köməkçisinin həbs olunduğu barədə məlumatlar dolaşır:

“Onun evində axtarış aparıldığı, hətta çevriliş cəhdinə dair müzakirələr və “xəyanətkarların siyahısı” kimi iddialar da gündəmdədir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ən ağır maddələrindən biri olan “vətənə xəyanət” ittihamı ilə bağlı ehtimallar da səsləndirilir”.

Ağ Partiya sədrinin sözlərinə görə, bu qədər informasiya fonunda rəsmi qurumların nə təsdiq, nə də təkzib açıqlaması verilib. Bu, cəmiyyətdə çaşqınlıq yaradır:

“Əgər istintaq sirri varsa və bu məlumatların rəsmi açıqlanması hansısa proseslərə zərər verə bilərsə, onda informasiya necə olur ki, mediaya sızdırılır? Bu, hüquqi prinsiplərə uyğun deyil. Rəsmi mövqe bildirilmədikcə cəmiyyətdə manipulyasiya və təxribatlara şərait yaranır”.

Tural Abbaslı hesab edir ki, yaranmış qeyri-müəyyənlik fonunda rəsmi strukturların münasibət bildirməsi həm informasiya qarışığını aradan qaldırar, həm də cəmiyyətdə dolaşan müxtəlif versiyaların qarşısını alar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru