Reytinqi çökən Trampın son gedişi: - Siyasi balans, yoxsa geri addım?

2-04-2026, 00:02           
Reytinqi çökən Trampın son gedişi: -
“Tramp xalqa müraciətində İran münaqişəsini bitirmə prosesini əsaslandırmağa çalışacaq”

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloq ABŞ Prezidenti Donald Trampın bu gün gözlənilən xalqa müraciəti ilə bağlı fikirlərini bölüşüb:

“Trampın xalqa müraciəti həm ABŞ-da, həm də dünyada böyük maraqla gözlənilir və ətrafında müxtəlif təhlillər aparılır. Tramp bir müddət əvvəl Ağ Evdə jurnalistlərin suallarına cavab verərkən müharibənin 2-3 həftəyə bitəcəyini, İranla razılığa gəlinib-gəlinməməsindən asılı olmayaraq hərbi əməliyyatların dayandırılacağını bildirmişdi. Ehtimal var ki, o, yenə konkret tarix haqqında danışsın. Lakin bu, müharibənin həqiqətən həmin müddətdə bitəcəyi demək deyil. Biz indiyədək Trampın bir çox hallarda dediklərinin əksini etdiyini və qərarlarını dəyişdiyini görmüşük.

Görünür, Tramp seçki ərəfəsində bir neçə ştatda keçirilən çoxmilyonluq etiraz aksiyalarından narahatdır və müraciətində xalqın sosial ehtiyaclarına toxunacaq. Məsələn, hazırda yanacaq qiymətləri ABŞ iqtisadiyyatında ciddi problemlər yaradır. Tramp iddia edir ki, müharibə bitdikdən sonra yanacağın qiyməti düşəcək. Eyni zamanda, o, gələcək siyasi imicini qorumaq üçün müəyyən anonslar verə bilər. Əgər Tramp dediyi kimi 2-3 həftəyə İrandan çəkiləcəksə, bunu xalqa necə əsaslandıracağı barədə düşünməlidir. O, əsas məqsədinin İranın nüvə silahına sahib olmaması olduğunu və artıq bu hədəfə çatdığını qətiyyətlə bəyan edir”.

E. Mirbəşiroğlu qeyd edib ki, hazırda Trampı ən çox düşündürən məsələ Amerikada zəifləyən mövqelərini bərpa etməkdir:

“Siyasi gərginlik artmaqda, respublikaçıların mövqeyi isə zəifləməkdədir. Trampın və partiyasının reytinqi minimal səviyyəyə düşüb. Digər tərəfdən, demokratlar ölkədə irəliləyiş qazanır və reytinqləri ciddi şəkildə yüksəlir. Benzinin kəskin bahalaşması da əhalini çətin vəziyyətə salıb. Bu baxımdan, Tramp müraciətində münaqişənin bitəcəyini elan etməklə daxili auditoriyanı sakitləşdirməyə çalışacaq. Həmçinin Hörmüz boğazının açılması məsələsi də müzakirə predmeti ola bilər. Əslində, boğazla bağlı qərar tək İranın deyil, Körfəz ölkələrinin birgə mövqeyi əsasında formalaşır”.

Politoloq bildirib ki, ABŞ rəhbərliyi müharibəni bitirmək istəsə də, bunu həm rəqiblərinə, həm də xalqa düzgün əsaslandırmalıdır:

“Trampın müraciətində ABŞ-ın İrana qarşı müharibədə əldə etdiyi ‘qələbə’dən danışması gözləniləndir. O, nüvə proqramını tamamilə dayandırdığını və regionda mövqelərinin gücləndiyini iddia edə bilər. Bütün hallarda, Tramp bu hərbi kampaniyada Amerikanın üstünlüyünü əsaslandırmağa çalışacaq ki, növbəti mərhələdə geri çəkilərkən cəmiyyətdə və opponentlər tərəfindən cavabsız suallar qalmasın”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru