"Təhdid edirlər ki, ərizə yaz, yoxsa..."
1-10-2025, 10:41

"Aztelekom" MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının əməkdaşı Zülfiyyə Vəliyeva işdən çıxarılıb. 29 ilin rabitəçisinə göndərilən xəbərdarlıq məktubunda qeyd olunub ki, qovşaq ləğv edilərək "Aztelekom"a birləşib və bu səbəbdən onunla əməkdaşlığa xitam verilib. Anxeber.Az-a məlumat verən Z. Vəliyeva qeyd edib ki, bununla əlaqədar" Aztelekom" MMC-nin direktoru Həsən Ömərovla görüş keçirilib. H. Ömərov deyib ki, müəssisə ləğv edilib deyə işdə saxlaya bilməzlər, amma könüllü işdənçıxma ərizəsi yazanlara 4 ay müavinət veriləcək. Əks halda, 2 ay müavinət olacaq. Halbuki biologiya, kimya sahəsində oxuyanları işdə saxlayıblar. Onun sözlərinə görə, Həsən Ömərov onlara başqa sahələrdə - marketdə və müxtəlif yerlərdə işləməyi məsləhət görüb. Z. Vəliyeva bildirib ki, baş verən haqsızlıqla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyib: "Necə olur ki, biologiya, kimya təhsili alanlar işdə saxlanılır, 29 ilin rabitəçisi çıxarılır? Mən dövlət rəhbərliyindən xahiş edirəm ki, bu məsələni nəzarətə götürsün. Bizə əvvəldən deyilməliydi ki, işdən çıxarılırsan. Amma çağırıb təhdid edirlər ki, sabahdan işə gəlməyin. Nə üçün məcburi ərizə yazmalıyıq? Ümumiyyətlə, mən 6 rəislə işləmişəm, hamısı yeyintiyə yol verib. Hər gün qazanc əldə edirdilər. Elə abonent olub ki, ona 300 manata telefon çəkilib. Bizdə rəis Rövşən Məmmədovdur. Onun qəbuluna getdik, bizə heç nə demədi. Heç işçiləri tanımır, çünki otağından çıxmır".
Z. Vəliyeva ona bir ana kimi işləmək lazım olduğunu deyib: "Orada günlərini keçirənlər də var. Ancaq mənim ana kimi öhdəliklərim, xərclərim var. Nəyə görə əsassız yerə işdən çıxarılmalıyam? Ona görə də son ümidim prezident və Mehriban xanımdır. Ölkə rəhbərliyindən rabitədə baş verənləri araşdırmaq, işimə bərpa olunmağa kömək etməyi xahiş edirəm".

