Sabunçuda laqeydlik təhlükə saçır: aşmış işıq dirəyi günlərdir götürülmür - VİDEO
12-01-2026, 16:14

Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, Seyid Əzim Şirvani küçəsinin girişində aşmış işıq dirəyi artıq bir neçə gündür təhlükəli vəziyyətdə qalır.
Patrul.az xəbər verir ki, küçə işıqlandırılması üçün quraşdırılmış dirək aşıb qaz borusuna söykənərək yolun birbaşa kənarında asılı vəziyyətdədir.
Məsələnin ən təhlükəli tərəfi isə hər gün həmin ərazidən istifadə edən sürücülər və piyadalar üçün ciddi risk yaratmasıdır. Asılı vəziyyətdə qalan ağır dirək istənilən an yerə aşaraq avtomobillərə zərər vura və ya piyadaların üzərinə düşərək xəsarətlə nəticələnə bilər. Xüsusilə axşam saatlarında və hərəkətin intensiv olduğu vaxtlarda bu risk daha da artır.
Hadisənin üzərindən bir neçə gün keçməsinə baxmayaraq, təhlükəli dirəyin götürülərək yenisi ilə əvəzlənməsi istiqamətində hələ də real addımlar atılmayıb. Bu isə şəhər infrastrukturuna nəzarətdə ciddi boşluqların olduğunu göstərir.
Əgər problem vaxtında həll edilməzsə, vəziyyət sonda ciddi yol-nəqliyyat hadisəsinə və ya bədbəxt hadisəyə səbəb ola bilər. Aidiyyəti qurumlar məsuliyyəti bir-birinin üzərinə atmaq əvəzinə, operativ şəkildə müdaxilə etməli və sürücülər ilə piyadalar üçün təhlükə yaradan bu vəziyyəti dərhal aradan qaldırmalıdır. Laqeydlik isə riskin hər gün daha da artması deməkdir.

