“Kupça”sız evlər boşanmada necə bölünür? - Hüquqlar və detallar...

13-01-2026, 00:06           
“Kupça”sız evlər boşanmada necə bölünür? - Hüquqlar və detallar...
Evlərin sənədsiz olması bir sıra məsələlərin həllində problemə çevrilirdi ki, son ilər bu istiqamətdə bəzi dəyişikliklər edilib.

Belə ki, evin sənədi olmadığı təqdirdə boşanmalar zamanı tərəflər müəyyən problemlə üzləşirdi. Ancaq 2024-cü ilin martında Ali Məhkəmənin Plenumunun qərarı № 1/2024 ər-arvadın nikah dövründə aldıqları, lakin sənədsiz qalan daşınmaz əmlakların (məsələn, evin) boşanmadan sonra əmlakın bölüşdürülməsi zamanı ümumi əmlak hesab olunması və bölüşdürülməsi məsələsinə aydınlıq gətirildi.

Burada qeyd edilir ki, əsas məsələ əmlakın faktiki olaraq kimin adına qeydiyyatda olması yox, nikah dövründə hansı şəraitdə alınıb alınmaması və onun pulunun kim tərəfindən ödənildiyidir, sənədsiz evlər ümumi əmlak sayılır və bölünə bilir.

Bu gün reallıqda sənədsiz evlər tərəflər arasında Ali Məhkəmənin Plenumunun qərarına əsasən bölünürmü?

Məsələ ilə bağlı vəkil Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, burada fərqli stiuasiyalar var:

“Onlardan biri ondan ibarətdir ki, bəzi hallarda torpaq sahəsinin sənədi var, ancaq üzərindəki evin sənədi yoxdur. Belə olan təqdirdə torpaq sahəsinin alınması, eləcə də üzərindəki evin tikilməsi tarixinə baxılmalıdır ki, nikah dövrünə təsadüf edir, ya yox.

Əgər torpaq sahəsinin alınması nikah dövrünə təsadüf eləmirsə, ancaq onun üzərində evin tikilməsi nikah dövrünə təsadüf edirsə, belə olan təqdirdə tərəf tələb edə bilər ki, tikintiyə çəkilən xərcdə pay müəyyən edilsin, həmin məbləğ qarşı tərəfdən tutularaq ona ödənilsin.

Burada əsas məqam evin nikah dövründə tikilməsini müəyyən etməkdən ibarətdir. Əgər torpaq sahənin alınması nikah dövrünə təsadüf edibsə, həm torpaq sahəsinin, hm də üzərinə tikilən evin xərcinin bölgüsünün aparılması mümkündür”.

İkinci hal ondan ibarətdir ki, nə torpaq sahəsinin, nə də evin sənədi olur:

“Bu zaman tərəf sübut etməlidir ki, həmin tikinti işlərini məhz nikah dövründə həyata keçirilib. Bu günə qədər məhkəmələr dəfələrlə bu işlər üzrə qərar qəbul ediblər və həm torpaq sahənin alınmasına, həm də evin tikintisinə çəkilmiş xərclərdə pay müəyyən olunub.

Məsələn, torpağın alınması və evin tikilməsinə 100 min manat vəsait xərclənibsə, tərəfin payı müəyyən olunur. Tərəfin hüququ yaranır ki, 50 min manatı qarşı tərəfdən tələb etsin. Bir çox hallarda məhkəmələr bu iddiaları sübutlar çərçivəsində qiymətləndirərək, təmin edir.

Ümumiyyətlə, Ali Məhkəmənin Plenumundan qabaq da belə bir praktika formalaşmışdı. Ancaq bəzi hallarda məhkəmələr fərqli münasibət göstərirdilər. Ona görə də Plenium qərar qəbul etmək məcburiyyətində qaldı və bir çox məsələlərə aydınlıq gətirildi. Məhkəmə təcrübəsi artıq rəsmi formada müəyyənləşdirildi”.

Vəkilin sözlərinə görə, bir vacib məqam da odur ki, torpaq sahəsini və onun üzərində tikilmiş evin tərəflərə aid olmasını sübut edən müəyyən hallar var:

“Bu, mütləq şəkildə sübut kimi məhkəməyə təqdim olunmalıdır. Bunlar əsasən kommunal xidmətlərlə bağlı olan müqavilələrdir. Yəni “Azərişıq”, keçmiş “Azərsu”, “Azəriqaz”la bağlanmış müqavilələr, sayğacların tərəflərdən birinin adına olması, həmin əmlakın ailəyə, mübahisə tərəflərinə məxsusluğunu təsdiqləyən hallardan biridir.

Bəzi hallarda təəssüf ki, digər əmlak mübahisələrində olduğu kimi, burada da yəni sənədsiz evlərdə də həmin sayğacların qayınananın, qayınatanın adına rəmiləşdirilməsi məhkəməyə gələcəkdə qərar qəbul etməsinə maneə törədir. Yəni tərəf öz arqumetlərini sübut etmək üçün çətinlik çəkir.

Ona görə də tərəflər birgə nikah dövründə sənədsiz evdə ən azından kommunal xətlərin mütləq şəkildə tərəflərdən birinin, ya ərin, ya da arvadın adına sənədləşdirilməsinə çalışmalıdırlar ki, gələcəkdə bu tipli mübahisələr yaranan zaman onları həll etmək mümkün olsun”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]