Gəncədə "Borçalı Nadir"in oğlu at oynadır - YENİLƏNİB - VİDEO

19-01-2026, 08:03           
Gəncədə "Borçalı Nadir"in oğlu at oynadır - YENİLƏNİB - VİDEO
Patrul.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhərində 77-QR-674 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobilin sürücüsü özünə məxsus sosial şəbəkə hesabında yol hərəkəti təhlükəsizliyini ciddi şəkildə pozan videogörüntülər paylaşıb.
Yayılan videolarda gənc sürücünün avtomobili ilə əks istiqamət zolağına çıxaraq qarşıdan gələn nəqliyyat vasitələri üçün real qəza riski yaratdığı açıq şəkildə görünür. Digər görüntülərdə isə Gəncə şəhərinin küçələrindən birində yüksək sürətlə hərəkət edərkən əl əyləcindən istifadə etməklə avtomobili qəsdən fırlatdığı, yəni avtoxuliqanlıq hərəkətləri etdiyi açıq şəkildə görünür.

Bu cür davranışlar təkcə sürücünün öz həyatı üçün deyil, eyni zamanda yolda hərəkətdə olan digər sürücülər və piyadalar üçün də ciddi təhlükə mənbəyidir. Sosial şəbəkələrdə izləyici toplamaq və “şou” xatirinə edilən bu cür hərəkətlər ağır yol-nəqliyyat hadisələrinə, insan itkisinə və geri dönüşü olmayan faciələrə səbəb ola bilər.

Patrul.az-ın əldə etdiyi məlumata görə, sözügedən avtomobili idarə etdiyi iddia olunan şəxs Gəncədə “Borçalı Nadir” kimi tanınan və şəhərdə fəaliyyət göstərən “Borçalı” restoranının sahibinin oğludur. Qeyd edək ki, sosial status və ya tanınmış ailəyə mənsubiyyət yol hərəkəti qaydalarına əməl etməmək üçün əsas ola bilməz.

Yol hərəkəti qaydaları hamı üçün eynidir və qanun qarşısında heç kimə güzəşt edilmir. Avtoxuliqanlıq isə “cəsarət” yox, başqalarının həyatını təhlükəyə atan məsuliyyətsiz davranışdır.

Ümid edirik ki, aidiyyəti qurumlar yayılan görüntüləri araşdıracaq, faktlar təsdiqlənərsə, qanunvericiliyə uyğun şəkildə hüquqi tədbirlər görüləcək.

***

Patrul.az-ın əldə etdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində “Changan” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edən sürücü Ə.Rəhimov saxlanılıb.

Araşdırmalar zamanı sürücünün avtomobilinə əlavə səs siqnalı quraşdırdığı da müəyyən edilib.

Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəhimov 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati qaydada həbs olunub.

Günay Salayeva












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]