“Təcili satıram” deyənlərə inanmaq olarmı?
19-01-2026, 17:48

Son illər onlayn platformalarda “təcili satıram” qeydi ilə yerləşdirilən biznes elanlarının artması müşahidə olunur. Bu tip elanlar alıcılar üçün cəlbedici görünsə də, tələsik qərarlar riskli nəticələrə səbəb ola bilər. Belə hallarda potensial investor və ya alıcının əsas məqsədi faktlara əsaslanan yanaşma tətbiq etməklə, biznesin real vəziyyətini obyektiv qiymətləndirmək olmalıdır. Satışın səbəbləri, maliyyə göstəriciləri, müştəri bazası və hüquqi vəziyyət kimi məsələlərin aydınlaşdırılması, mümkün risklərin öncədən müəyyənləşdirilməsinə imkan verir.
"Təcili satıram" tipli biznes satışlarında hansı suallar mütləq verilməlidir?
Mövzu ilə bağlı Valyuta.az-a danışan Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova bildirib ki, “Təcili satıram” qeydi ilə təqdim olunan biznes elanları ilk baxışda cəlbedici təsir bağışlasa da, bu cür satışlara ehtiyatla yanaşmaq vacibdir:
"Emosional qərarlar əvəzinə düzgün suallar vermək, risklərin azaldılmasına və obyektiv dəyərin müəyyənləşdirilməsinə kömək edir. Əvvəlcə satışın səbəbi dəqiqləşdirilməlidir. Bəzən biznes şəxsi səbəblərə görə satışa çıxarıla bilər. Lakin səbəb gəlirin azalması, xərclərin artması və ya bazar payının itirilməsi ilə bağlıdırsa, bu, gələcəkdə risk yarada bilər. Bu səbəbdən, ümumi və qeyri-müəyyən cavablar diqqətlə təhlil olunmalıdır. Növbəti önəmli məqam biznesin maliyyə vəziyyətidir. Aylıq dövriyyə, xalis mənfəət və son dövrlərə dair göstəricilər konkret rəqəmlərlə təqdim edilməlidir. Əgər bu rəqəmlər təqdim olunmursa, bu, biznesin sistemli şəkildə idarə edilmədiyini göstərə bilər".
R.Məmmədova gəlirin mənbələrinin də araşdırılmalı olduğunu vurğulayıb:
"Satışın yalnız bir məhsul və ya kanal üzərindən həyata keçirilməsi biznesin dayanıqlığını azalda bilər. Reklam dayandırıldıqda satışların davam edib-etməməsi, gəlirin sabitliyi və alternativ mənbələrin mövcudluğu dəyərləndirilməlidir. Müştəri bazası da vacib amildir. Müştərilərin kimliyi, təkrar alış faizi və satışların sahibkarın şəxsi əlaqələrinə bağlılığı müəyyən edilməlidir. Əgər biznes əsasən şəxsi əlaqələr üzərində qurulubsa, satıldıqdan sonra dəyər itkisi baş verə bilər. Bundan əlavə, marketinq və satış mexanizmləri, komandanın formalaşması və proseslərin sahibkardan asılılıq səviyyəsi də nəzərə alınmalıdır. Eyni zamanda, hüquqi öhdəliklər, mövcud borclar və aktivlərin hüquqi statusu yoxlanılmadan qərar verilməməlidir. Nəticə etibarilə, “təcili satıram” qeydi ilə təqdim olunan bizneslərə yanaşmada əsas meyar faktlara əsaslanan qərar vermək olmalıdır. Düzgün suallar vasitəsilə risklər minimuma endirilir, real imkanlar isə daha aydın görünür".
Mayya Hüseynova

