Tural Abbaslıdan 7 milyonluq tenderə REAKSİYA - "Xəsarət üçün qələm bəs edirsə... “

21-02-2026, 08:34           
Tural Abbaslıdan 7 milyonluq tenderə REAKSİYA -
“Xəsarət yetirmək üçün qələm də kifayətdir”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ağ Partiyanın başqanı Tural Abbaslı Elm və Təhsil Nazirliyinin mühafizə xidməti üçün elan etdiyi 7 milyonluq tenderə münasibət bildirərkən deyib.

T.Abbaslı qeyd edib ki, təhsil müəssisələrində təhlükəsizlik mühüm məsələdir və bu funksiyanı hazırda hüquq-mühafizə orqanları yerinə yetirir:

“Güman ki, İdrak Liseyində baş verən məlum hadisədən sonra Təhsil Nazirliyi belə bir addım atmağı qərara alıb. Lakin hesablamalar yanlış yerdən aparılır. Çünki şagirdin müəllimə atəş açması faktı sadəcə bir nəticədir. Nazirlik nəticəni aradan qaldırmağa deyil, həmin nəticəni doğuran səbəbləri yox etməyə çalışmalıdır.

Məktəbə ‘təlim-tərbiyə ocağı’ deyirlər, amma reallıqda orada yalnız təhsil verilir, tərbiyə isə kənarda qalır. İnsanlara milli-mənəvi dəyərlərin, mərhəmət hissinin, cəmiyyətə qarşılıqlı hörmət və sevginin aşılanması üçün xüsusi proqramlar qəbul edilsəydi, mühafizəyə 7 milyon xərcləməyə ehtiyac qalmazdı.

Mühafizə sədləri ilə heç nəyi həll etmək mümkün deyil. Tutaq ki, hər məktəbin önündə post quruldu və şagirdlər yoxlanılaraq içəri buraxıldı. Lakin unudulmamalıdır ki, xəsarət yetirmək üçün qələm də kifayətdir.

Cinayətkarlığın özü ilə deyil, o cinayəti doğuran düşüncə tərzi ilə mübarizə aparılmalıdır. Tərbiyə mexanizmini qurmaq, ideoloji təbliğatı gücləndirmək və şagirdlərin mənəvi inkişafını təşkil etmək lazımdır. Mühafizəni artırmaqla köklü həllə nail olmaq olmaz. Avropa və Amerikada bu sistemlərin hamısı mövcuddur, lakin kriminal hadisələrin qarşısını ala bilmirlər. Niyə? Çünki şagirdlərdə ciddi bir ideoloji boşluq var. Təəssüf ki, məktəb tərbiyə baxımından şagirdlərə demək olar ki, heç nə vermir…”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru