Azərbaycan Dövlət Turizm Agentliyində kütləvi ixtisarlar başlayıb?
8-04-2026, 00:03

Hər yerdə ixtisar aparılır. Büdcə təşkilatlarında işləyən yüzlərlə insan işdən çıxarılır. Əsas kimi də Maliyyə Nazirliyinin məktubu göstərilir.
İşçiləri ixtisar etməklə nə qədər büdcə vəsaitinə qənaət ediləcək? Bu büdcə yükünü azaltmayacaq. Büdcə üçün daha ağır yük yüksək vəzifəli məmurların özlərinə təyin etdikləri 6-8-10 müşavirdir. Dəyəri 100 min manatlarla ölçülən bahalı xidməti avtomobillərdir. Bahalı katibələrdir.
Büdcəyə yük olan satınalmalar üzrə şəffaflığın olmamasıdır. Tenderlərin şəffaf keçiriləməmisidir. Bir kənd icra nümayəndəliyində işləyən mühasib deyil axı...
Azərbaycan Dövlət Turizm Agentliyində kütləvi ixtisarların başlandığı ilə bağlı iddialar yayılıb.
Bu barədə Agentliyin ixtisara düşən bəzi əməkdaşları Trend-ə məlumat verib.
İddia edilib ki, son ay ərzində artıq 30-dan çox əməkdaş işdən çıxarılıb.
Onların sözlərinə görə, Agentlik tərəfindən əsas kimi Maliyyə Nazirliyindən daxil olan məktub göstərilib.
Bildirilib ki, məktubun məzmunu açıqlanmayıb, lakin ixtisar prosesinin aparıldığı qeyd olunur. İddialara əsasən, əsasən memarlıq və tikinti sahəsində çalışan əməkdaşlar vəzifələrindən azad edilirlər.
Qeyd olunub ki, bəzi hallarda əməkdaşlardan öz ərizələri ilə işdən çıxmaları tələb olunur ki, bu da kompensasiyanın verilməməsi ilə nəticələnir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib ki, qurumda kütləvi ixtisarlar baş vermir.
“Dövlət Turizm Agentliyində kütləvi ixtisar yoxdur”, – deyə məlumatda qeyd olunur.

