"Samsung" 2026-cı ildə dördüncü dəfə smartfon qiymətlərini artırır
9-04-2026, 12:44

"Samsung" Hindistanda "Galaxy F" və "Galaxy M" seriyalarına aid doqquz smartfonun qiymətlərini yenidən artırıb. Bu, şirkətin cari ilin əvvəlindən bəri qiymətlərə etdiyi artıq dördüncü düzəlişdir.
Valyuta.az xəbər verir ki, bu barədə "SamMobile" portalı yazıb.
Qiymət artımı ilə bağlı bildirişlər yerli pərakəndə satış tərəfdaşlarına göndərilib. Artım həm əsas, həm də orta səviyyəli konfiqurasiyaları əhatə edib. Dəyişikliklərə "Galaxy F06", "F07", "F36", "F70E", eləcə də "Galaxy M06", "M07", "M17", "M17E" və "M36" modelləri daxildir. Model və yaddaş həcminə görə qiymətlər təxminən 5–20 ABŞ dolları aralığında yüksəlib.
Qiymət artımının rəsmi səbəbləri açıqlanmayıb. Bazar iştirakçıları ehtimal edirlər ki, əsas faktorlar arasında yaddaş modulları və digər komponentlərin bahalaşması yer alır.
Gözlənilir ki, bu fonunda "Samsung" orta seqmentdə stimullaşdırıcı addımlar ata bilər. Belə ki, yüksək qiymət təsəvvürü səbəbindən tələbi zəifləyən "Galaxy A37" və "Galaxy A57" modellərinə endirimlərin tətbiqi nəzərdən keçirilir.
Yaddaş böhranı isə iri süni intellekt modellərinin hazırlanması və işlədilməsi üçün tələb olunan yüksək performanslı yaddaşa tələbin kəskin artması ilə əlaqələndirilir. "Samsung" və "SK Hynix" kimi istehsalçılar bu tələbi tam qarşılaya bilmədiyindən bazarda çatışmazlıq yaranıb və komponentlərin qiymətləri yüksəlib.

