ADSEA yayın ən isti günlərində suyu niyə azaldır? – Bakıda su qıtlığı nazrazılığı
Bu gün, 00:06

Bakının bir sıra rayonlarında suyun verilmə saatlarının 2-3 saat azaldılması ilə bağlı rəsmi açıqlama ictimaiyyət arasında narazılıq yaradıb.
Bizimesr.com bildirir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bunun səbəbini “mövsüm keçidi ilə əlaqədar su təminatı sistemində bərpa və yeniləmə işlərinin aparılması” ilə izah edib.
Qurumun məlumatına görə, anbarlardan qəbul edilən suyun həcminin artırılması və sutəmizləyici qurğuların məhsuldarlığının yüksəldilməsi məqsədilə texniki işlər həyata keçirilir və bu səbəbdən suyun verilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.
Lakin yaranmış vəziyyət bir sıra ciddi suallara səbəb olub. Ən isti yay günlərində əhalinin suya tələbatı dəfələrlə artır. Havanın temperaturunun yüksəlməsi ilə insanlar həm içməli, həm də məişət ehtiyacları üçün daha çox su istifadə edir. Belə bir dövrdə su təchizatının azaldılması sakinlər arasında haqlı narazılıq yaradır.
Ekspertlərin fikrincə, su təchizatı sistemində aparılan yeniləmə və təmir işləri öncədən planlaşdırılmalı və mümkün qədər əhalinin minimum təsirlənəcəyi dövrlərdə həyata keçirilməlidir. Əks halda, milyonlarla insanın gündəlik həyatına mənfi təsir göstərən problemlər ortaya çıxır.
Bakının müxtəlif rayonlarında vəziyyət ağırlaşıb
Son günlər paytaxtın müxtəlif ərazilərində sakinlər suyun əvvəlki qrafiklə verilmədiyini, bəzi yerlərdə isə təzyiqin kəskin azaldığını bildirirlər. Xüsusilə çoxmərtəbəli binaların yuxarı mərtəbələrində yaşayan insanlar su çatışmazlığından əziyyət çəkdiklərini qeyd edirlər. Sakinlərin sözlərinə görə, suyun verilməsindəki fasilələr bəzi hallarda rəsmi açıqlanan müddətdən daha uzun çəkir. Bu isə gündəlik məişət işlərində ciddi çətinliklər yaradır.
Maraq doğuran əsas məqamlardan biri odur ki, əgər su təchizatı sistemində yeniləmə işləri aparılmalı idisə, niyə bu proses yay mövsümünün ən intensiv dövrünə təsadüf edib?
Rəsmi qurumlar görülən işlərin gələcəkdə su təminatının yaxşılaşdırılmasına xidmət etdiyini bildirsələr də, vətəndaşlar hazırda qarşılaşdıqları problemin həllini gözləyirlər. Çünki su təchizatı ən vacib kommunal xidmətlərdən biridir və onun fasiləsiz təmin olunması dövlət qurumlarının əsas vəzifələrindən hesab edilir.
Bakı sakinləri isə haqlı olaraq bir sual verirlər - insanların suya ən çox ehtiyac duyduğu dövrdə suyun azaldılması hansı xidmət keyfiyyətinin göstəricisidir?

