Pivə içərkən iki dəfə düşünün – Publarda müştəriləri BELƏ ALDADIRLAR
Bu gün, 16:10

Azərbaycanda ən çox saxtalaşdırılan məhsul pivədir.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O, bildirib ki, dünyada da ən çox saxtalaşdırılan məhsullar alkoqollu içkilərdir:
“Azərbaycanda da alkoqollu içkilərin saxtalaşdırılması hallarına çox rast gəlinir. Bu halın insan sağlamlığı baxımından təhlükəsi olmasa da, istehlakçı hüquqlarının pozulması baxımından ciddi qanun pozuntusudur və Agentlik tərəfindən belə hallara qarşı müvafiq tədbirlər görülür”.
Bəs, pivə necə saxtalaşdırılır?
Problemlə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Qoşqar Təhməzlinin fikrinə şərik olduğunu bildirib:
“Bilirsiniz ki, yay aylarında pivəyə tələbat artır. Artan tələbatı yüksək səviyyədə ödəyə bilməyən iaşə obyektləri saxtakarlığa əl atırlar. Aşağı keyfiyyətli pivəni hətta brend markaların adından təqdim edirlər.
Proses əsasən belə baş verir: Misal üçün ölkədə çoxlarının rəğbətini qazanmış “X” adlı pivə istehsalı var. Hansısa bir iş adamı gedir “X” pivə istehsalçısından müəyyən qədər pivə alır, onun sənədlərini götürüb standartlara uyğun olmayan saxta pivə istehsalçısının yanına gedir, ondan da məhsul alır. Amma bu məhsul kifayət qədər ucuz olur. Baxmayaraq ki, həmin pivə brend adı ilə istehlakçıya təqdim edilir.
Bundan əlavə, bəzi iaşə obyektlərində pivənin süzmək üçün iki kran qoyurlar. Bunun birindən keyfiyyətli pivə süzürlər. Bu pivələr başlanğıcda müştəriyə təqdim edilir. Müştəri təkrarən pivə sifariş verəndə ikinci krandan süzülür. Bu krandan gələn pivə isə əsasən aşağı keyfiyyətli və yaxud su qatılmış olur. Regionlardakı kafe və restoranlarda su qarışdırma çox geniş yayılıb. Beləcə, işbazlar yay aylarından saxta pivədən milyonlar qazanırlar”.
Müsahibimiz onu da qeyd edib ki, AQTA saxta pivələrə qarşı mübarizəni son zamanlar gücləndirib:
“Bu kafidir, amma qaneedici deyil. Bu məsələdə ictimai nəzarət daha çox fayda verə bilər. Hər bir istehlakçı iaşə obyektinin rəhbərliyində müvafiq sənəd tələb etməlidir. Bu sənəd hesabına müştəri içəcəyi pivənin nə qədər orjinal və təzə olduğunu öyrənmiş olar.
Çox təəssüf ki, əksər müştərilər bunu özlərinə sığışdırmırlar. Yaxud da hansısa sənəd tələb edəndə obyekt sahibi müxtəlif bəhanələr gətirir. Beləcə istehlakçı öz hüququnu sona qədər qorumur. Nəticədə istehlakçı həm pulundan, həm də sağlamlığından olur”./bizim.media

