Niyə peşəkar jurnalistlərin hesabına seçim əsasən blogerlərin xeyrinə edilir?
Bu gün, 11:08

Şuşa Qlobal Media Forumu mənimçün adi tədbir deyil. Bu, Azərbaycanın düşmən tapdağından azad olmuş ərazisini işğaldan sonra dünyaya təqdim etməkdir. Nə olsun ki, haqlı zəfərimizdən 6 il keçib? Hələ də Qarabağ sözünü eşidəndə qarınağrısına düşənlər var. Bundan əlavə, sözügedən forum həmçinin ölkənin media siyasətini, informasiya mühitini və dövlətin mediaya münasibətini göstərən platformadır. Məhz buna görə də forumda kimin iştirak etməsi cəmiyyət üçün də, media aləmi üçün də mühüm əhəmiyyət daşıyır.
Tədbirdə gözə dəyənlər əsasən "tiktoker"lərdir. Belə bir tədbirdə illərlə reportaj hazırlayan, müharibəni işıqlandıran, beynəlxalq tədbirləri izləyən, peşə etikası ilə çalışan jurnalistlər kənarda qalırsa, bu, istər-istəməz insanı düşündürür.
Heç kim demir ki, blogerlər belə tədbirlərə qatılmamalıdır. XXI əsrdə rəqəmsal media artıq reallıqdır və blogerlərin də öz auditoriyası, təsir imkanları var. Ancaq sual başqadır. Niyə peşəkar jurnalistlərin hesabına seçim əsasən blogerlərin xeyrinə edilir?
Məgər jurnalistikanın təcrübəsi, analitik düşüncə və peşə məsuliyyəti artıq ikinci plana keçib? Yoxsa əsas meyar izləyici sayı, baxış statistikası və sosial şəbəkə populyarlığıdır?
Bu seçimləri edən niyə belə edir və ya hansı meyarlara əsasən edir? Kim hansı blogeri tövsiyə edir? Bu tövsiyələrin arxasında peşəkarlıq dayanır, yoxsa şəxsi münasibətlər? Əgər seçim prinsipləri şəffaf deyilsə, belə sualların yaranması tamamilə təbiidir. Düzdür, ölkədə seçim mövzusu da bir ayrı dərddir... Bu da bir başqa mövzunun söhbətidir...
Ölkə başçısının iştirak etdiyi beynəlxalq media forumunda ölkənin media simasını kimlər təmsil etməlidir? Gündəmin mahiyyətini təhlil edə bilən, sual verməyi bacaran peşəkar jurnalistlər, yoxsa əsas fəaliyyəti əyləncə və sosial şəbəkə kontenti olan şəxslər? Hər kəsin öz yeri var, doğru. Amma bu yerlər əsla qarışdırılmamalı, bu istiqamətdə qərar verərkən dövlət ərkanı unudulmamalıdır.
İzləyirəm, dəvət almayan jurnalistlərin əksəriyyəti də buna sosial şəbəkədə narazı status yazmaqla reaksiya verir. Halbuki söhbət təkcə şəxsi dəvətdən yox, peşənin nüfuzundan gedir. Jurnalistikanın dəyəri müdafiə olunmayanda, onun yerini başqa sahələrin nümayəndələrinin tutması təəccüblü olmamalıdır məncə...
Media dövlət üçün strateji sahədir. Dünyanın güc dövlətlərinin belə qarşıdurmalar, müharibələr zamanı ən güclü silahı informasiya müharibəsidir. Və düşünürəm ki, bu sahədə seçimlər də strateji düşüncə ilə edilməlidir, şəxsi zəmində yox.
Yenə deyirəm, blogerlərin iştirakı normaldır, lakin peşəkar jurnalistlərin əvəz olunması hesabına deyil. Əks halda, cəmiyyətə verilən mesaj bu ki, illərlə peşəyə xidmət etmək yox, sosial şəbəkədə məşhur olmaq daha qiymətli, daha dəyərlidir. Bu isə təkcə jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin gələcəyi, yeniyetmə, gənc nəslin seçimləri üçün düşündürücü və həyəcanverici siqnaldır.
P.S. Çox təəssüflər olsun ki, bizim kimi cəmiyyətlərdə izləyici sayı peşəkarlığın meyarına çevriləndə medianın nüfuzu da zərbə alır. Halbuki izləyici sayı heç də kontentin faydalı məlumatlar ötürməsinin göstəricisi deyil. Azərbaycanda əksəriyyət məsuliyyət tələb etməyən postlarda maraqlıdır, vəssalam.
P.P.S. Unutmayaq, medianın nüfuzunu qaldıran, onun inkişafına dəstək verməli olan, faydalı informasiyaların hazırlanmasında, cəmiyyətin maarifləndirilməsində düyməni basan dövlət olmalıdır.
P.P.P.S. Boş anbar, boş dağarcıq, ha ölç, ha ölç - doldur...
Tamilla Qulami

