İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama

Bu gün, 10:48           
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama
Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət Gimnaziyası ilə bağlı irəli sürülən iddialar araşdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bu məlumatı Bakı İncəsənət Gimnaziyasında bəzi şagirdlərin ayrı-seçkiliyə, zorakılığa və psixoloji təzyiqə məruz qaldıqlarına dair valideyn şikayətlərinə cavab olaraq yayıb.

İdarədən bildirilib ki, dərs ili ərzində tədris mühiti ciddi nəzarətdə saxlanılır: "Müraciətdə göstərilən hallar sinif rəhbərləri tərəfindən yazılı şəkildə təkzib edilib. Qeyd olunan iddialarla bağlı məktəb psixoloqunun müşahidə nəticələri nəzərə alınmaqla zəruri profilaktik tədbirlər həyata keçirilib. Araşdırmanın nəticələrinə uyğun olaraq, qanunvericiliyin tələbləri çərçivəsində müvafiq addımlar atılıb".

Qurumdan həmçinin qeyd edilib ki, sözügedən şagirdin qiymətləndirilməsi qanunvericiliyə uyğun aparılıb və Pedaqoji Şuranın qərarı ilə o, yay tədris tapşırığına cəlb edilib.

Məlumatda gimnaziyadakı təmir işlərinə də toxunulub: "Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir. Yenidənqurma işləri tədris və yaradıcılıq mühitinin yaxşılaşdırılmasına xidmət edir. Növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur".

BŞTİ mediada yayılan təsdiqini tapmamış iddialarla bağlı da mövqeyini bildirib: "Ayrı-ayrı vətəndaş müraciətləri əsasında təhsil sahəsinə dair təsdiqini tapmamış ittihamların yoxlanılmış fakt kimi təqdim edilməsi məktəb və müəllim nüfuzuna xələl gətirir. Bu cür hallarda müraciətlərin obyektiv araşdırılması, nəticələr dəqiqləşdirilmədən ictimai rəy formalaşdıran qəti mülahizələrin irəli sürülməməsi peşəkar jurnalistika prinsipləri baxımından mühüm əhəmiyyət kəsb edir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru