Ordubadda fırıldaqçılar vətəndaşlardan 400 min manata yaxın pul topladığı iddia olunur. VİDEO
Bu gün, 16:52

Ordubadda polis əməkdaşlarının fırıldaqçılarla əlbir olaraq vətəndaşlardan 400 min manata yaxın pul topladığı iddia olunur. Pulların işə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə yığıldığı bildirilir.
Şikayətçilərin sözlərinə görə, sxemdə Ordubad Rayon Polis Şöbəsinin bir neçə yüksək rütbəli əməkdaşı da iştirak edib. Onların arasında şöbə rəhbərliyində təmsil olunan şəxslərin, cinayət-axtarış bölməsinin əməkdaşlarının və bir müstəntiqin olduğu bildirilir.
Onların kimliyi redaksiyaya məlum olsa da, iddialar üzrə araşdırma davam etdiyindən və qarşı tərəfin mövqeyini almağa çalışdığımız üçün hələlik adlarını açıqlamırıq.
Şikayətçilər iddia edirlər ki, məsələ üzə çıxdıqdan sonra qeyd olunan polis zabitləri əsas şübhəlinin ölkədən getməsinə kömək ediblər. Onların sözlərinə görə, məqsəd izlərin itirilməsi və işin araşdırılmasının qarşısının alınması olub.
Hələlik adlarının çəkilməsini istəməyən zərərçəkənlər deyirlər ki, polis əməkdaşları əsas işi M.İ. adlı rayon sakini vasitəsilə görüblər. Onların sözlərinə görə, M.İ. əvvəlcə insanlarda etibar yaradıb:
“O, peşə məktəbində işləyirdi. Deyirdi ki, polis rəhbərləri ilə əlaqələri var, sürücülük vəsiqəsi və xəstəxanada müxtəlif işlər düzəldə bilər. Əvvəllər bir neçə nəfərin həqiqətən işini həll etdi ki, camaat ona inansın. Bundan sonra isə daha çox şəxsdən pul toplamağa başladı.”
Zərərçəkənin sözlərinə görə, M.İ. müxtəlif şəxslərdən böyük məbləğlər alıb və onları aylarla gözlədib:
“Birimizdən 34 min, birimizdən 20 min, birimizdən 15 min manat alınıb. Otuzdan çox zərərçəkən var. Pulu alıb iki-üç ay gözləməyi deyirdi. Sonradan öyrəndik ki, pullar polis əməkdaşları və nariz arasında bölüşdürülüb. Şöbədə bizə dedilər ki, yaxşı olar ki, şikayətlərimizi geri götürək, onsuz da mənası olmayacaq.”
Şikayətçilər iddia edirlər ki, məsələ üzə çıxdıqdan sonra M.İ.-nin Türkiyəyə getməsinə kömək edilib. Onların sözlərinə görə, zərərçəkənlər ərizələrini geri götürmələri üçün təzyiq və hədələrlə üzləşirlər:
“Polis ərizələrimizi alır, sonra deyir ki, ölkə xaricindədir, heç nə edə bilmirik. Nə axtarış elan olunur, nə də tədbir görülür. Əksinə, pulunu tələb edənləri şöbəyə çağırıb qorxudurlar. Açıq şəkildə deyirlər ki, bu işdə narizin də adı var və şikayətləri geri götürməsək, bizi ilişdirib həbs edə bilərlər. Təkcə bir polis əməkdaşının adı ilə həmin şəxsin vasitəsilə 96 min manat yığılıb. Bizə deyilənə görə, bu pulların böyük hissəsi yüksək vəzifəli şəxslərə çatıb.
Biz fırıldaqla əlimizdən alınmış pullarımızı geri istəyirik.”
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi sakinlərin iddiaları ilə bağlı müraciətimizə cavab verməyib.
Gündəlik Naxçıvan

