"Disney+" bəzi məzmunlarını ödənişsiz təqdim etməyi planlaşdırır
Bu gün, 16:44

"Disney+" platformasında yer alan bəzi film və serialları abunəlik tələb etmədən istifadəçilərin ixtiyarına verməyi nəzərdən keçirir.
Valyuta.az xəbər verir ki, məlumata görə, şirkətin Məhsul və Texnologiya direktoru Adam Smith daxili iclasların birində ödənişsiz məzmun modeli ilə bağlı müzakirələr aparıb. Lakin hazırda hansı film və serialların pulsuz təqdim olunacağı və bu modelin nə vaxt tətbiq ediləcəyi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Bildirilir ki, bu addımın əsas səbəblərindən biri reklam dəstəyi ilə fəaliyyət göstərən pulsuz yayım platformalarının sürətlə populyarlaşmasıdır. "YouTube" və "Tubi" kimi platformalar istifadəçilərin izləmə vaxtında daha böyük pay əldə etdikcə, ənənəvi yayım xidmətləri də yeni biznes modelləri üzərində işləməyə başlayıb.
Artan abunəlik haqları fonunda istifadəçilərin reklamlı, lakin ödənişsiz platformalara marağı da artır. "Nielsen" şirkətinin məlumatına görə, "ABŞ"də pulsuz yayım platformaları 2026-cı ilin aprel ayına televiziya izləmə vaxtının 18,7%-ni təşkil edib. Müqayisə üçün bu göstərici 2025-ci ilin aprelində 16,8%, 2024-cü ilin eyni dövründə isə 12,7% olub.
"Disney+" bu modeli tətbiq edəcəyi təqdirdə Netflix və Amazon Prime Video kimi rəqiblərindən fərqlənə bilər. Hazırda Apple TV+ və Paramount+ da abunə olmayan istifadəçilər üçün məhdud sayda məzmunu ödənişsiz təqdim edir.
Bununla belə, "Disney+"ın sözügedən modeli tətbiq edib-etməyəcəyi hələlik dəqiq deyil.

