Naxçıvanda hakimiyyət uğrunda rəqabət dövlət qəzeti “Şərq qapısı”nın çapının dayanmasına səbəb olub.

Bu gün, 12:52           
Naxçıvanda hakimiyyət uğrunda rəqabət dövlət qəzeti “Şərq qapısı”nın çapının dayanmasına səbəb olub.
Rəqabətin yerli Səlahiyyətli Nümayəndəlik və Ali Məclis arasında getdiyi bildirilir.
Bu barədə “Gündəlik Naxçıvan”a Ali Məclisdəki mənbələr məlumat veriblər.
Prezidentin bu günlərdə imzaladığı fərmanla Səlahiyyətli Nümayəndəliyin səlahiyyətləri xeyli artırılıb.
Mənbələrin sözlərinə görə, “Şərq qapısı” qəzetinin yeni baş redaktoru Nümayəndəlik komandasına yaxın hesab olunur və qəzet son dövrlərdə əsasən bu qurumun fəaliyyətini işıqlandırır.
Qəzetin çapını həyata keçirən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi isə Ali Məclisin təsir dairəsində fəaliyyət göstərir.
Mənbə bildirir ki, Ceyhun Cəlilov qəzet rəhbərliyinə mətbəəyə ödənilən əlavə çap xərclərini dayandırmağı tapşırıb:
“ Ödənişlərin dayandırılması Ali Məclisə əzələ nümayişi idi. Buna cavab olaraq mətbəəyə qəzetin növbəti sayını çap etməmək göstərişi verilib. Burada əsas məsələ qəzet deyil.
İki hakimiyyət qolu bir-birinə güc göstərir. Bu rəqabət Nümayəndəliyin səlahiyyətlərinin artırılmasından sonra daha da qızışıb. Nəticədə dövlət qəzeti bu qarşıdurmanın alətinə çevrilib”.
“Şərq qapısı”nın çapının dayandığını qəzetə məcburi abunə edilən təşkilatlarda çalışan yerli sakinlər də təsdiqləyiblər.
Mənbənin sözlərinə görə, qəzetin çapının dayandırılmasından sonra qarşıdurma daha da dərinləşib.
Hakimiyyət daxilindəki qarşıdurmanın zərərini isə gecə növbəsində çalışan mətbəə işçiləri çəkirlər:
“Materiallar mətbəəyə gec saatlarda təqdim edildiyindən çap sexinin əməkdaşları gecədən səhərə qədər işləyir və buna görə əlavə ödəniş alırdılar. İndi həmin ödəniş dayandırıldığından işçilərin bu gəliri də kəsilib”.
“Gündəlik Naxçıvan” iddialarla bağlı adı çəkilən qurumlarla əlaqə saxlasa da, tərəflərdən heç biri məsələyə münasibət bildirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru