Dolunun evlərə vurduğu zərəri kim qarşılamalıdır?
Bu gün, 10:18

Son günlər ölkənin bir sıra rayonlarında yağan dolu fərdi yaşayış evlərinə ciddi ziyan vurub. Dam örtükləri, pəncərələr və digər hissələrə dəyən zərərin aradan qaldırılması üçün bəzi ev sahiblərinə 4-5 min manatadək xərc tələb olunduğu bildirilir. Vətəndaşlara isə dəymiş zərəri öz vəsaitləri hesabına aradan qaldırmalı olduqları bildirilib.
Bu vəziyyətdə sual yaranır: evlərə dolunun vurduğu zərəri kim qarşılamalıdır?
Sığorta eksperti Kamran Babayev Valyuta.az-a açıqlamasında bildirir ki, əgər həmin şəxslərə bildirilibsə ki, dəymiş zərəri özləri aradan qaldırmalı və bərpa işlərini həyata keçirməlidirlər, bu o deməkdir ki, onların daşınmaz əmlakın icbari sığortası yoxdur:
"Yəni onlar əmlaklarını sığortalamayıblar. Çünki daşınmaz əmlak icbari qaydada sığortalanmış olsaydı, doludan dəymiş zərər sığorta şirkəti tərəfindən qarşılanardı. Bu isə ciddi problemdir. Ümumiyyətlə, daşınmaz əmlakın icbari sığortası üzrə penetrasiya səviyyəsi çox aşağıdır. Vətəndaşlar əmlaklarını sığortalamaq istəmirlər. Halbuki bunun üçün ildə ödənilən məbləğ kifayət qədər kiçikdir. Əgər mənzillər və ya evlər sığortalanmayıbsa, bu halda doludan dəymiş zərəri həmin evin sahibi özü qarşılamalıdır".

