Trampın İnfantinoya simpatiyası var - Ağ Evdən FIFA seçkiləri öncəsi diqqətçəkən açıqlama
4-08-2026, 08:07

ABŞ administrasiyasındakı mənbə prezidentin FIFA rəhbərinə kömək edəcəyini bildirir, Avropada isə etimad böhranı dərinləşir
ABŞ Prezidenti Donald Trampın FIFA prezidenti Canni İnfantinonun postunu qoruyub saxlamasına kömək etməyə çalışacağı bildirilir.
Bestmedia.az xəbər verir ki, Tramp administrasiyasında yüksək vəzifəli mənbə İnfantinonun ABŞ üçün böyük işlər gördüyünü vurğulayıb və prezidentin ona dəstək verəcəyinə əminliyini ifadə edib.
“Canni bizə tarixdə ən yaxşı dünya çempionatını keçirməyə kömək etdi. Prezidentin ona çox simpatiyası var. Əminəm ki, prezident ona kömək etmək üçün əlindən gələni edəcək. Tramp müttəfiqlərinə sadiqdir və mövqeyini dəyişməyəcək. İnfantino dünya çempionatını ABŞ-a gətirdi və biz bunu yüksək qiymətləndiririk” – Ağ Evdəki mənbə bildirib.
Qeyd edək ki, ötən həftə FIFA-nın turnirlərin kommersiya hüquqlarının satışı üçün yeni struktur – FIFA Forward Enterprise (FFE) yaratmaq planı açıqlanmışdı. Lakin bu təşəbbüs futbol konfederasiyalarının tənqidi və UEFA üzvü olan ölkələrin dünya çempionatını boykot edə biləcəyi ilə bağlı xəbərdarlıqlar fonunda geri çəkildi.
Bu gün “New York Post” nəşri İnfantinonun Avropa futbol assosiasiyalarının etimadını qismən itirdiyi bir vaxtda ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar planlaşdırdığını yazıb. Həmçinin onun Tramp administrasiyasının rəsmiləri ilə əlaqə yaradaraq qarşıdan gələn FIFA seçkiləri öncəsi dəstək qazanmağa çalışdığı iddia olunub.
Daha sonra Rubionun köməkçisi bu danışıqlar barədə yayılan məlumatları təkzib edib.
Bununla belə, “The Telegraph” nəşrinin yazdığına görə, ABŞ administrasiyasından olan digər yüksək vəzifəli şəxs Trampın İnfantinoya dəstək vermək niyyətində olduğunu təsdiqləyib.
Mövzu FIFA rəhbərliyi ətrafında gərginliyin artdığını və qarşıdakı seçkilər öncəsi beynəlxalq futbol siyasətində ciddi mübarizənin gözlənildiyini göstərir.

