Avtomobilində iki saat yuxuya getdi, görmə qabiliyyətinin 90 faizini itirdi
Bu gün, 17:18

Türkiyənin Sakarya şəhərində avtomobilinin oturacaqlarını təmizlədikdən sonra maşının içində yuxuya gedən 45 yaşlı Yasin Kurtun həyatı tamamilə dəyişib.
Demokrat.az xəbər verir ki, kimyəvi buxar və karbonmonoksit qazından zəhərlənən şəxs həkimlərin “yaşamaz” dediyi ağır vəziyyətdən sağ çıxsa da, görmə qabiliyyətinin böyük hissəsini itirib.
Hadisə 2024-cü ilin noyabr ayında baş verib. Daha əvvəl Qaziantepdə marketinq rəhbəri kimi çalışan və 300 əməkdaşı idarə edən Yasin Kurt şirkətin müflis olmasından sonra ailəsi ilə birlikdə Sakaryaya köçüb.
Həmin gün avtomobilinin oturacaqlarını təmizləyən Kurt yağış başladığı üçün maşının içində gözləməyə qərar verib. Oturacaqların tez quruması üçün mühərriki işə salaraq salonun qızdırıcısını aktivləşdirib.
Daha sonra isə avtomobilin içində yuxuya gedib.
Təxminən iki saat işlək vəziyyətdə qalan avtomobildə kimyəvi maddələrin buxarı və ehtimal olunan egzoz qazı salonu doldurub. O dövrdə qan dəyərlərində də ciddi problem olduğunu bildirən Kurt zəhərli qazlardan təsirlənib.
Ertəsi gün kürəyində kəskin ağrılar hiss edən şəxs xəstəxanaya aparılıb. Vəziyyəti sürətlə ağırlaşdığı üçün həkimlər onu süni tənəffüs aparatına qoşublar.
Müayinələr zamanı qapalı məkanda yüksək temperaturun təsiri ilə təmizləyici kimyəvi maddələrin buxarlandığı və karbonmonoksit qazı ilə birlikdə ağır toksik zəhərlənməyə səbəb olduğu müəyyən edilib.
Yasin Kurt iki gün reanimasiyada qalıb. O, ayıldıqdan sonra görmə qabiliyyətini demək olar ki, tam itirdiyini anlayıb.
Müalicənin davamı üçün ailəsi ilə birlikdə Eskişehirə köçən Kurt 10 gün intensiv kortizon terapiyası alıb. Müalicə nəticəsində hərəkət qabiliyyəti müəyyən qədər bərpa olunsa da, görmə səviyyəsi çox zəif qalıb.
Hazırda onun sol gözündə 5 faiz, sağ gözündə isə 2 faiz görmə qabiliyyəti olduğu bildirilir.
İki uşaq atası olan Yasin Kurt işləmək və yenidən aktiv həyata qayıtmaq istədiyini deyib. Onun sözlərinə görə, fəaliyyət göstərməsi həm psixoloji, həm də fiziki baxımdan sağalma prosesini sürətləndirə bilər.
“Evdə oturmaq əvəzinə işləyib istehsal etmək istəyirəm. Özümü hələ də güclü və enerjili hiss edirəm. Hər gün daha yaxşı olduğuma inanıram”, — deyə o bildirib.

