GÖZƏLLİK DƏLLALLARI

14-10-2025, 15:38           
GÖZƏLLİK DƏLLALLARI
Ölkəmizin səhiyyə sistemindəki çatışmazlıqlar, qanunsuzluqlar barədə vaxtaşırı tənqidi yazılarım olur. Yazmaq, çəkməklə kifayətlənməyib hər zaman problemin həllinə çalışmışam.
Vətəndaş şikayətlərinə biganə qalmamışam, inad edib nəticəsini gözləmişəm. Bu yolda hər cür təzyiqə məruz qalsam da heç kim məni yolumdan döndərə bilməyib, bilməz də.
Çünki media təmsilçisi olaraq qanunsuzluqları yazıb aşkara çıxartmaq bizim əqidə borcumuzdur. Sağlam mühitdə yaşamaq bizim qanunla qorunan haqqımızdır. Bəzi tibb işçiləri və saxta yolla bu ada sahiblənən dələduzlar bu haqqı əlimizdən almaq istəyirlər.
İndi bu cür işbazların sayı çoxalıb. Nə qədər mübarizə aparılsa, yazılsa da nəticə ürəkaçan deyil. Deməli haradasa boşluqlar var. Bu dələduzların arxasında duranlar var. Şəxsən mən bu mövzuda dəfələrlə yazmışam. Faktlarla danışmışam.
Xüsusən tibb təhsili almadan, həkim ixtisasına yiyələnmədən kosmetoloq fəaliyyəti ilə məşğul olanlar barədə yazmışam. Bakıda, Gəncədə onların obyektlərinə gedib məsələni yerində araşdırmışam. Elələri var heç orta məktəbi də axıra kimi başa vurmayınlar…


Gəncədən söz düşmüşkən, bu şəhərdə Elisa Estetik Mərkəzi adlı məkanı işlədən “kosmetoloq” Əliyeva Zəhra, “kosmetoloq” Nərgiz adlı gözəllik dəllalları da var. Onlar barədə prokurorluğa məlumat vermişəm, şəxsən Gəncə şəhər prokurorluğunda oldum, bildirildi ki iş araşdırılır.
Xeyli vaxt keçsə də adını çəkdiyim qadınlar yenə iş başındadırlar. Şəhər prokuroru Rauf Gözəlova səslənirəm. Hörmətli prokuror, xahiş edirəm araşdırmanın nəticəsi barədə ictimaiyyətə açıqlama verilsin.
Belə yerlərdə qanunsuz fəaliyyət göstərən hələ neçə bu cür diplomsuz tibb işçilərini üzə çıxardıb aidiyyəti orqanlara müraciət etmişəm. Bu müraciətlərə baxılıb bəzən guya araşdırma aparırlar kimi görüntü yaradılıb.
Amma sonradan görmüşəm ki elə yenə "köhnə hamam, köhnə tasdır". Demək, yazmaq özümüzə qalır. İndi mən də bu haqsızlıqları, saymazlıqları görüb belə qərara gəlmişəm ki, yazı-pozunu, jurnalist adını kənara qoyub birotaqlı məkan tapım, adımın əvvəlinə Dr yazdırıb özümü kosmetoloq kimi tanıdım.
Sonra da yavaş-yavaş "estetik cərrah" da olaram. Onsuz da Səhiyyə Nazirliyi heç nəyə fikir vermir, hüquq-mühafizə orqanlarının gözünün qabağında qanunlar gündə nə qədər pozulur. Onlara bir söz demirlərsə, mənə də heç nə deməzlər. Necə deyərlər, palaza bürün, elnən sürün.
Sima Babayeva
Teref.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru