Fatih Qısaparmaq və Əbülfəz Elçibəyin Tarixi Görüşü
Bu gün, 00:05

Fatih Qısaparmağa dostu, Ankara Radiosunun prodüseri Kürşat Özkök zəng edir. O, Əbülfəz Elçibəyin müalicə üçün Ankaraya gəldiyini, müalicə aldığını və bunun gizli saxlanıldığını bildirir. Həmçinin Elçibəyin Prof. Dr. Mustafa Kafalı vasitəsilə mütləq onunla görüşmək istədiyini çatdırır.
Qısaparmaq dərhal Ankaraya gedir və Elçibəyi ziyarət edir. Otaqda həmçinin Prof. Dr. Hatice Paşaoğlu, Elçibəyin prezidentliyi dövründə köməkçisi olmuş Əli Mürsəloğlu, Kürşat Özkök və sənətçinin meneceri Mehmet Güngör də var idi.
Fatih Qısaparmaq o anları belə nəql edir:
"Elçibəy məni ayaq üstə qarşıladı. Mavi bir şalvar və mavi bir köynək geyinmişdi. O anı heç vaxt unuda bilmərəm. Mərhum Prezident Əbülfəz Elçibəy çiyinlərimdən tutdu. Heç bir söz demədən dəqiqələrlə gözlərimin içinə baxdı.
Bəlkə inanmayacaqsınız, amma bu vaxt mənə 5 dəqiqə qədər uzun gəldi. Bir müddət eləcə, heç danışmadan göz-gözə baxdıq. Sonra məni bir qardaş, bir ata şəfqəti ilə qucaqlayıb bağrına basdı. Təbii ki, mən də onu qucaqladım. Bir müddət də belə qaldıq. Qollarını kürəyimdən çəkəndə əyilib əlini öpmək istədim. İcazə vermədi. Həyəcanlı bir səslə: 'Ozanlar kimsənin əlini öpməz. Ozanların əli öpülər!' dedi."
"Türksüz Millət Olarmı?"
Elçibəyin yorğun olduğunu hiss etdim. Səsi titrəyirdi. Baş həkim onlara əyləşmələrini söylədi. Elçibəyin sağındakı kresloda mən, solundakı kresloda isə Baş həkim Nusret Akyürek bəy əyləşdi. Bu əsnada çay gəldi. Hal-əhval tutduqdan sonra sözə yenə Elçibəy başladı. Hamımız diqqətlə qulaq kəsildik:
"Həyatımda çox böyük idealların arxasınca qaçdım. İlk öncə Quzey Azərbaycanın hürr, müstəqil və rifah içində olan bir Vətən olmasını istədim. Allaha çox şükür ki, Azərbaycan artıq Sovet Rusiyası imperializminin köləsi olan bir millət deyil. Sonra Güney Azərbaycanın da hürriyyətə qovuşmasını çox istədim. Güney Azərbaycan azadlığına qovuşana qədər saqqalımı qırxmayacağam.
Başqa bir idealım isə dünya gözüylə İstanbulu görmək idi. Bu gözəl qismətə baxın ki, 1992-ci ildə İstanbula Azərbaycan Prezidenti kimi gəldim. Məni Üsküdara aparmalarını istədim. Üsküdara getdik. Sonra Fateh Sultan Məhməd Xanın orada... ayaq basdığı torpağı əyilərək öpdüm. Oranı 'Vətənimin torpağıdır' deyərək öpdüm! İstanbulu görmək, Fateh atamızın İstanbula baxdığı yerdə dayanmaq, onun basdığı torpağı öpmək mənim ideallarım arasında idi.
Daha sonra sizi görmək, sizinlə tanış olmaq, sizinlə qucaqlaşmaq istədim. Bu duyğunun ürəyimdə necə yer etdiyini təsəvvür edə bilməzsiniz. Allaha çox şükür, bu gün bu arzuma da çatdım."
Şair və Ozan Fərqi
Elçibəy ozanlıq gəncliyi və sənətin önəmi haqqında fikirlərinə belə davam etdi:
"Sizə olan sevgim, ozanlıq ənənəmizi davam etdirdiyinizi gördükdən sonra başladı. Bəzi insanlar 'ozan' kəlməsini səhv işlədirlər. Şairlərimizə ozan deyirlər. Halbuki, şair başqa, ozan başqadır. Ozan – ürəyini saza tökən, şeirlərini bəstələyən, sazı ilə birlikdə çalıb-oxuyandır. Şairin sazı yoxdur. Şair bir söz memarıdır. Yəni şair şeir söyləyər, ozan isə mahnı (türkü) söyləyər. Türküsünü sazı ilə deyər.
Mən sizi Azərbaycan Xalq Cəbhəsini qurduğumuz, müstəqillik mübarizəsi apardığımız o hərəkətli, təlatümlü, həyəcanlı günlərdə tanıdım. Televiziya proqramlarında dinlədim. Sazınızdan və sözünüzdən böyük zövq aldım. Sizi təkcə mən dinləmirdim, Azərbaycan Xalq Cəbhəsinin üzvlərinə də dinlədirdim. Sazınız və sözünüz hər dəfə bizim şövqümüzü, ruhumuzu artırırdı. Türküsüz millət olarmı? Türkülərimizi yaşatmaq, dilimizi, millətimizi yaşatmaq deməkdir."
Mənbə: Türk Edebiyatı Aylık Fikir ve Sanat Dergisi

