“Malibu” restoranında qalmaqallı axşam: Müştəri xidmətdən və hesabdan şikayət etdi - VİDEO
Bu gün, 00:10

Patrul.az-a müraciət edən vətəndaş Mərdəkan qəsəbəsində yerləşən “Malibu” dənizkənarı restoranında yaşadığı xoşagəlməz hadisə ilə bağlı iddialarını bölüşüb.
Onun sözlərinə görə, hadisə 06.07.2026-cı il tarixində, saat 20:40-21:00 radələrində baş verib. Bildirib ki, 2 şiş quzu lülə kababı, 1 şiş toyuq kababı, 2 porsiya ət, 2 porsiya qarın, göy çoban salatı, kartof fri və digər məhsullar sifariş ediblər. İddiaya əsasən, sifariş təxminən bir saat gecikmə ilə təqdim olunub.
Müştərinin sözlərinə görə, əvvəlcə çörək, salat və toyuq kababını yeyib. Daha sonra süfrə yoldaşı quzu lülə kababını dadarkən onun kəskin iy verdiyini bildirib. Vətəndaş özü də kababı daddıqdan sonra eyni vəziyyətlə qarşılaşdığını və kababın iyləndiyini iddia edib.
Şikayətçi bildirib ki, etirazlarını restoran əməkdaşlarına çatdırdıqda, onlara “Siz yəqin kabab yeməmisiniz, bu quzu ətidir” cavabı verilib. Daha sonra məsələ ilə bağlı narazılıqlarını bildirmək istədikdə, restoran əməkdaşlarının yüksək səslə danışdıqlarını və ətraflarına çox sayda kişi əməkdaşın toplandığını iddia edib.
Vətəndaşın sözlərinə görə, hesab ödənilərkən sifariş edilməyən qutabların da ödənişə əlavə olunduğu bildirilib. Etiraz etdikdə isə ofisiant həmin qutabların pulunu ödəməsələr, bunu özünün ödəməli olacağını deyib. Müştərinin yanında olan şəxs vəziyyətin daha da gərginləşməməsi üçün həmin məbləği də ödəyib.
Şikayətçi qeyd edib ki, araşdırma aparacağını bildirdikdə restoran administratoru ona “Hamısını paketləyib apar, araşdır” cavabını verib. O, restoran əməkdaşlarının davranışını qeyri-peşəkar hesab etdiyini və özünü təhlükəsiz hiss etmədiyini bildirib.
Qeyd edək ki, bu iddialar vətəndaşın şəxsi açıqlamasına əsaslanır. Qarşı tərəfin mövqeyi təqdim olunduğu halda dərc etməyə hazırıq.

