Aparıcının bacı-qardaş iddiası müzakirə yaratdı - 22 yaşdan sonra…

9-02-2026, 10:07           
Aparıcının bacı-qardaş iddiası müzakirə yaratdı - 22 yaşdan sonra…
“Günə bax” verilişində aparıcı Nahid Kərimlinin səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O, bacı və qardaşın 22 yaşdan sonra ikinci dərəcəli qohum sayıldığını bildirib.

Qanunvericilikdə bu məsələ necə tənzimlənir?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, praktikada bəzən bacı və qardaşın müəyyən yaş həddindən sonra ikinci dərəcəli qohum hesab edildiyi iddia olunur:

“Azərbaycan qanunvericiliyində qohumluq dərəcəsi yaşa görə deyil, qan qohumluğu xətti üzrə müəyyən edilir. Qohumluq dərəcəsi şəxslər arasında qan əlaqəsinin hüquqi ölçüsünü ifadə edir və nəsillər arasındakı keçidlərin sayı ilə müəyyən olunur. Bu yanaşma ailə və mülki hüquqda qəbul olunmuş ümumi hüquqi prinsipdir. Ailə Məcəlləsinə əsasən, qohumluq münasibətləri nikah və qan qohumluğu əsasında yaranır. Qan qohumluğu isə bir şəxsdən digərinə doğru nəsil əlaqələrinin sayına görə dərəcələnir. Qanunvericilikdə qəbul edilmiş hüquqi yanaşmaya görə, birinci dərəcəli qohumlar ata, ana və övladlardır (oğul və qız). Bu münasibətlər birbaşa nəsil xəttinə əsaslanır və valideynlə uşaq arasındakı hüquqi əlaqə şəxsin yaşından asılı olmayaraq dəyişmir. Bu yanaşma Mülki Məcəllənin vərəsəliklə bağlı müddəalarında da əksini tapır. Belə ki, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, birinci növbə üzrə vərəsələr uşaqlar, ər (arvad) və valideynlərdir. Bu norma valideyn-övlad münasibətinin hüquqi baxımdan birinci dərəcəli qohumluq kimi qəbul edildiyini təsdiqləyir.

İkinci dərəcəli qohumlar isə bacı-qardaş, baba-nənə və nəvələrdir. Bu şəxslər birbaşa nəsil xətti üzrə deyil, ortaq valideyn və ya ortaq nəsil əlaqəsi vasitəsilə qohum sayılırlar. Məsələn, bacı və qardaş eyni valideynlərdən doğulduqları üçün aralarında bir nəsil keçidi mövcuddur. Bu da onları hüquqi baxımdan ikinci dərəcəli qohum edir. Bu yanaşma Mülki Məcəllənin 1160-cı maddəsində də təsbit olub. Həmin maddəyə görə, ikinci növbə üzrə vərəsələr bacı və qardaşlar, baba və nənədir. Beləliklə, bacı və qardaşın hüquqi statusu qanunvericilikdə birbaşa ikinci dərəcəli qohum kimi müəyyən edilib”.

Hüquqşünas qeyd edib ki, Azərbaycan qanunvericiliyində qohumluq dərəcəsinin müəyyən edilməsində yaş meyarı nəzərdə tutulmur:

“Yəni bacı və qardaş doğulduğu andan etibarən hüquqi baxımdan ikinci dərəcəli qohum sayılır və bu status hər hansı yaş həddinə çatmaqla dəyişmir. “22 yaşdan sonra bacı-qardaş ikinci dərəcəli olur” fikri normativ hüquqi aktlarda yer almır və hüquqi əsası yoxdur. Bu yanlış yanaşma əsasən sosial təminat və vergi münasibətlərində tətbiq edilən “asılı şəxs” anlayışı ilə qarışdırılır. Məsələn, bəzi hallarda ali təhsil alan şəxsin müəyyən yaş həddinədək valideynindən asılı şəxs sayılması mümkündür. Lakin bu hal qohumluq dərəcəsinə deyil, sosial təminat və güzəşt mexanizmlərinə təsir edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]