Hansı hallarda qəhvədən qəti imtina etmək lazımdır?
9-02-2026, 17:58

Rusiyalı terapevt Dmitri Demidik qəhvə içməyin qəti şəkildə tövsiyə edilmədiyi hallardan danışıb.
Oxu.Az xəbər verir ki, o, qəhvədən imtina etməyin əsaslı səbəblərini Lenta.ru-ya verdiyi müsahibədə sadalayıb.
İlk növbədə Demidik hamilə qadınlara qəhvədən uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, yüksək dozada kofein uşaqlıq yolunun tonusunu artıra bilər ki, bu da uşaqsalmanı təhrik edə bilər. Həkim, həmçinin bildirib ki, xüsusilə təşviş pozuntuları olan şəxslər də qəhvəni rasiondan çıxarmalıdırlar, çünki kofein təşviş əlamətlərini gücləndirə bilər.
"Müalicə ilə nəzarət altına alınmayan arterial hipertenziya başda olmaqla, ürək-damar sistemi xəstəlikləri zamanı qəhvədən sui-istifadə etmək olmaz. Bu xəstəliklərə, həmçinin aritmiyalar, ürək qulaqcıqlarının fibrillasiyası, mədəcik ekstrasistolları daxildir", - deyə mütəxəssis xəbərdarlıq edib.
O, əks-göstərişlər sırasında mədə-bağırsaq sistemi xəstəliklərini də qeyd edib. Xüsusilə qastroezofageal reflüks xəstəliyi, onikibarmaq bağırsaq xəstəlikləri və xora olan şəxslərin qəhvədən imtina etməsi vacibdir.

