ABŞ alimləri Ebolanın müalicəsi üçün yeni model kəşf ediblər
Bu gün, 15:18

ABŞ-dən olan bir qrup tədqiqatçı Ebola qızdırmasının yeni müalicə üsullarının işlənib hazırlanması istiqamətində mühüm addım atıb.
"İzvestiya" xəbər verir ki, bu barədə "Nature Communications" elmi jurnalında məqalə dərc olunub.
Bildirilib ki, təcrübə zamanı mütəxəssislər makakaları ilk dəfə 2018-ci ildə Afrika yarasalarında aşkar edilən "Bombali" virusu ştamı ilə yoluxdurublar. Tədqiqatda iştirak edən bütün primatlarda Ebola virusunun yaratdığı xəstəliyin xarakterik əlamətləri özünü göstərsə də, heyvanlar sağ qalaraq patogenə qarşı davamlı immun reaksiyası, o cümlədən neytrallaşdırıcı anticisimlər yaradıblar.
"Əldə edilən nəticələr göstərir ki, "Bombali" virusu "Bundibugyo" kimi daha patogen Ebola virusları ilə müqayisədə xəstəliyin daha zəif fenotipinə malik ola bilər və Ebola virusunun yaratdığı xəstəliyin öyrənilməsi üçün mühüm model rolunu oynaya bilər", - deyə məqalənin müəllifləri qeyd ediblər.
İnfeksiyanın yüngül gedişatı barədə məlumatların hazırda Afrikada qeydə alınan ağırformalı Ebola qızdırmasına qarşı müalicə vasitələrinin axtarışına kömək edəcəyi gözlənilir. İmmunoloq Mixail Bolkovun izahına görə, meymun və insan orqanizmlərinin yüksək dərəcədə bənzərliyi bu tədqiqata xüsusi dəyər qatır.
"Bu variant təcrübə zamanı makakalarda Ebola qızdırmasının ölümcül olmayan infeksiyasını yarada bildi. Sözügedən model xəstəliyin ağır formasında belə sağalmaq üçün immun reaksiyasının məhz necə olmalı olduğunu nümayiş etdirir. Hemorragik qızdırma zamanı damar yatağından maye sızması ilə müşayiət olunan güclü iltihab kaskadı inkişaf edir və insan böyük həcmdə qan itirir. Buna görə də həyatı xilas etmək üçün məhz immuniteti düzgün tənzimləmək son dərəcə vacibdir", - deyə alim bildirib.
Mütəxəssis əlavə edib ki, bu cür təbii modeldən "Bundibugyo" və "Zair" viruslarına yoluxmuş xəstələrin müalicə taktikasının müəyyənləşdirilməsində və dərman preparatlarının yaradılmasında istifadə edilə bilər.

