Yay mövsümündə dişləri zədələyən əsas amillər - Mütəxəssisdən vacib tövsiyələr

Bu gün, 17:24           
Yay mövsümündə dişləri zədələyən əsas amillər -
Yay fəslində şirin sərinləşdirici içkilərin qəbulu, tez-tez edilən qəlyanaltılar və qidaların kəskin temperatur fərqi diş minasının zədələnməsinə, kariyesin yaranmasına və damaq iltihabına səbəb ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya"ya rusiyalı stomatoloq-terapevt Pavel Lısenkov məlumat verib.

Mütəxəssisin fikirləri yay mövsümü üçün xarakterik olan vərdişlərə əsaslanır: limonad, şirə, soyuq çay, meyvə-giləmeyvə və dondurma istehlakı, həmçinin tətil dövründə qidalanma rejiminin və gigiyena qaydalarının dəyişməsi. Stomatoloqun sözlərinə görə, dişlərə əsas zərəri məhsulların özü deyil, onların qəbul edilmə tezliyi və forması vurur.

"Şirin sərinləşdirici içkilərin, limonadların, soyuq çay və şirələrin daimi istehlakı ən çox yol verilən səhvlərdən biridir. Onların tərkibindəki böyük miqdarda şəkər və orqanik turşular bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır və tədricən diş minasını yumşaldır", - deyə mütəxəssis bildirib.

Lısenkov əlavə edib ki, əgər bu içkiləri gün ərzində kiçik qurtumlarla qəbul etsək, dişlər demək olar ki, fasiləsiz olaraq turşuların təsirinə məruz qalır.

Meyvə və giləmeyvələr orqanizm üçün faydalı olsa da, onların tərkibindəki turşular minanın möhkəmliyini müvəqqəti olaraq zəiflədir. Belə bir qəlyanaltıdan dərhal sonra dişləri fırçalamaq zədələnməni daha da artıra bilər. Çox soyuq və isti qidaların bir yerdə qəbulu da (məsələn, dondurma və qəhvə) mənfi təsir göstərir, çünki temperatur dəyişikliyi mikroçatlar yaradaraq dişlərin həssaslığını artırır.

"Tətil zamanı adət edilən gün rejimi pozulur: bəziləri gecə gəzintilərindən sonra axşam təmizliyini unudur, digərləri isə yalnız səhərlər dişlərini fırçalamaqla kifayətlənir. Hətta bir neçə həftəlik belə qrafik diş ərpinin aktiv şəkildə toplanmasına, kariyes və damaq iltihabı riskinin artmasına kifayət edir", - deyə mütəxəssis vurğulayıb.

Fasiləsiz olaraq tez-tez qəlyanaltı etmək və su çatışmazlığı əlavə təhlükə mənbəyidir, çünki bu zaman dişləri qoruyan tüpürcək ifrazı azalır.

Meyvə və giləmeyvə yedikdən sonra həkim ağzı su ilə yaxalamağı və dişləri fırçalamazdan əvvəl 30-40 dəqiqə gözləməyi məsləhət görüb. Diş minasının zədələnməsi riskini azaltmaq üçün, həmçinin müntəzəm gigiyenaya riayət etmək, qida qəbulları arasında fasilələr vermək, kəskin temperatur fərqindən qaçmaq və kifayət qədər su içmək vacibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru