Dənizlərin kraliçası yoxsa dəniz qulduru ?
Bu gün, 11:54

Seyyida al-Hurra ilk müsəlman qadın dənizçidir. İslam Qərbinin ən güclü qadınlarından hesab olunur. Mərakeşdə doğulub. Atası müsəlman, anası katolik olub.
Hurra 1510-cu ildə Tetuan hakimi Muhammed El-Mandari ilə evlənmişdir. İdarəetmə işlərində ərinə kömək edən Hurra təcrübə qazanmış, 1515-ci ildə ərinin ölümündən sonra ərinin səlahiyyətlərini öz üzərinə götürərək Tetuan hakimi olmuşdur. Hurra qısa müddətdə dənizçilikdə əhəmiyyətli uğurlar qazanaraq diqqətləri üzərinə çəkməyi bacarıb. Əsl adı Fatimə olsa da, Tetuan hakimi olduqdan sonra əhali tərəfindən ona al-Hurra yəni Azad Qadın adı verilmişdir. Seyyida al-Hurra ilə bağlı tarixə düşən mühüm detallardan biri də Osmanlı dənizçisi Barbaros Hayreddin Paşa ilə qurduğu ittifaqdır. Barbaros ilə müttəfiq olan al-Hurra Aralıq dənizinin qərbinə, Barbaros isə şərqə nəzarət edirdi.
Hurra 1541-ci ildə Mərakeş sultanı Əhməd əl-Vattasinin evlilik təklifini qəbul edərək ikinci dəfə evlənmişdir. Evlənsə də, lakin o, hakimi olduğu Tetuanı tərk etməmişdir. Otuz ilə yaxın müddətdə hakimiyyəti əlində saxlayan Hurra ikinci dəfə ailə həyatı qurduqdan sonra, ögey oğlu ordu toplayıb onun üzərinə hücum çəkmiş, Hurra qan tökmədən hakimiyyəti oğulluğuna təhvil vermişdir.
Qöncə Murad

