Azəriqaz veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?

Bu gün, 10:42           
Azəriqaz veteranın 37,50 manat ezamiyyə  puluna göz dikib?
Mən, uzun illər əmək fəaliyyəti göstərmiş bir veteran olaraq, "Azəriqaz" İstehsalat Birliyində üzləşdiyim problemlərlə bağlı narazılığımı ictimaiyyətin və aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırmaq istəyirəm.
Artıq iki aydır ki, mənə ödənilməli olan 37,50 manat məbləğində ezamiyyə pulu ödənilmir. Məbləğin az olmasına baxmayaraq, bu, mənim qanunla təmin olunmuş hüququmdur və vaxtında ödənilməlidir.
Bundan başqa, əməkhaqlarının da vaxtında ödənilməməsi halları ilə rastlaşırıq. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işəgötürən əməkhaqqını müəyyən edilmiş müddətlərdə tam şəkildə ödəməyə borcludur.
Digər narahatlıq doğuran məsələ isə işçilərin tez-tez imtahan və attestasiyaya cəlb edilməsidir. Mənə aydın deyil ki, hansı hüquqi əsasla bir il ərzində iki dəfə imtahan verilməsi tələb olunur və sonradan bu prosesdən işçilərin ixtisarı və ya işdən uzaqlaşdırılması üçün istifadə edilir. Hesab edirəm ki, bu məsələnin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğunluğu aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır.
Məndə belə bir təəssürat yaranır ki, bəzi rəhbər şəxslər öz səlahiyyətlərindən sui-istifadə edir və işçilərin qanunla qorunan hüquqlarına lazımi həssaslıqla yanaşmırlar. Hesab edirəm ki, bu cür yanaşma dövlətimizin həyata keçirdiyi sosial siyasətin ruhuna uyğun deyil.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva dəfələrlə vətəndaşların, xüsusilə də əmək adamlarının və veteranların hüquqlarının qorunmasının vacibliyini vurğulayıblar. Mən hesab edirəm ki, mənim qaldırdığım məsələlərin araşdırılması həmin siyasətin tələblərinə uyğun olar.
Aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, ezamiyyə pulumun ödənilməməsi, əməkhaqqının gecikdirilməsi, imtahan adı altında həyata keçirilən proseslərin qanunauyğunluğu və işçilərin əmək hüquqlarının qorunması məsələləri obyektiv şəkildə araşdırılsın və qanunvericiliyə uyğun tədbirlər görülsün.
Dasqin Abbasov
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru