Ekspert açıqladı: Qarayara xəstəliyinin təsdiqlənməsi ət satışına təsir göstərə bilərmi?
15-08-2026, 00:15

Samux rayonu ərazisində qarayara xəstəliyinin yayılması rəsmi şəkildə təsdiqləndi. Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə açıqlamasından məlum oldu ki, ilkin epidemioloji araşdırmada xəstəlik bir şəxsdə laborator müayinə ilə təsdiqlənib. Rəsmi məlumata görə, xəstə heyvanla təmasda olmuş 9 nəfər aşkarlanaraq, Gəncədəki Abbas Səhhət adına şəhər xəstəxanaya yerləşdirilib.
“Qarayara xəstəliyi” diaqnozunun təsdiqini tapması heyvandarlıq təsərrüfatına, ət satışına, o cümlədən qiymətlərə təsir göstərə bilərmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına mövzunu şərh edərkən bildirib ki, hələlik heç bir təsiri yoxdur. Çünki xəstəlik lokal şəraitdə - Samux rayonunda aşkarlanıb. Həmin ərazi də nəzarətə götürülüb.
“Qarayara xəstəliyinə tutulmuş heyvan müalicə olunmur. Çıxdaş edilir, utilizasiya olunur. Yaxud onun əti termik emaldan sonra istifadəyə yararlı olur. Hazırda “qarayara”ya görə ət satışının azalmasından danışmaq tezdir. Çünki xəstəlik lokal ərazidə aşkarlanıb. Xəstəlik aşkarlanan heyvanlar da çıxdaş edilib. Xəstəlik geniş yayılsaydı, təsiri hiss olunardı”, - deyə ekspert bildirib.
Akif Nəsirli əlavə edib ki, qarayara xəstəliyinə yoluxan heyvanın əti ilə təmasda olan insanların hər birinə həmin xəstəliyin keçmək ehtimalı olur. Əgər həmin ətə toxunan insanın əlində və ya bədəninin başqa bir hissəsində kəsik, zədə varsa, o hissədən yoluxa bilər: “Ona görə də qarayaraya yoluxan heyvanın ətinin satılması qadağandır. Çünki təhlükəlidir. Yalnız xüsusi şəraitdə, termik emaldan sonra zərərsizləşir, ondan sonra istifadəsinə icazə verilir”.
Ekspert bir müddət əvvəl heyvanlarda yayılmış dabaq xəstəliyini xatırladıb. Onun sözlərinə görə, qarayara dabaqdan da təhlükəli xəstəlikdir: “Bu, ötən il yayılmış dabaq xəstəliyi kütləvi yayılmayıb. Müəyyən lokal ərazidədir. Çox güman ki, müvafiq orqanlar yayılmasının qarşısını alacaq”.
Kənd Təsərrüfatı Nazirliyi də yaranmış vəziyyətlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, hazırda təsərrüfatda saxlanılan 3 baş iribuynuzlu heyvanda bədən temperaturunun yüksəlməsi müşahidə edilib, həmin heyvanları baytarlar müalicə edib: “Hazırkı mərhələdə canlı heyvanlardan laborator müayinə üçün nümunələr götürülməyib. Laborator müayinə məqsədilə məcburi kəsilmiş heyvanın ətindən və hadisə yerindən torpaq nümunələri götürülüb. Bu səbəbdən təsərrüfatda saxlanılan canlı heyvanlarda müşahidə olunan klinik vəziyyətin qarayara xəstəliyi ilə əlaqəli olduğu hazırda laborator müayinələrlə təsdiqlənməyib. Xəstəliyin mövcudluğu və epizootoloji vəziyyət barədə yekun qiymətləndirmə müvafiq laborator müayinələrin nəticələri və sonrakı klinik müşahidələr əsasında təsdiq oluna bilər.
Təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır, heyvanların klinik vəziyyətinin müşahidəsi və zəruri baytarlıq-sanitariya tədbirləri davam etdirilir”.

