Prezidentin Davosdakı görüşləri Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün mühim rol oynayır
21-01-2026, 11:22

Bu il yanvarın 19-dan İsveçrənin Davos şəhərində ənənəvi Davos İqtisadi Forumunun 53-cü toplantısı keçirilir. Rekord sayda dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin, dövlət və hökumət başçılarının iştirak etdiyi bu Forumda bütün bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağırışlar, yüksək borclanma və ərzaq qıtlığı probleminə qarşı mübarizə əsas müzakirə mövzularıdır.
Qeyd edilməlidir ki, Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər zamanı ildən-ilə Azərbaycana olan inam daha da artır. Bizim haqq sözümüz daha rahat qəbul edilir. Bu Forum ərzində bir çox ənənəvi sazişlərə imza atılır, böyük layihələrin yol xəritəsi, təməli qoyulur. Bununla da ənənəvi Formada nüfuzlu xarici şirkətlərin ölkəmizə yatırdıqları investisiyaların sayı artır. Bu isə ölkəmizə olan inamın artması, siyasi və iqtisadi qüdrətimizin güclənməsi üçün çox vacibdir.
Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu zamanı ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşüb, yanvarın 20-də dünyanın aparıcı informasiya vasitələrindən olan “Euronews” televiziyasına müsahibə verib. Qeyd edilib ki, bu gün enerji bazarlarında neftin qiyməti sabitdir və bu ölkəmiz üçün məqbul səviyyədədir. Bu da öz növbəsində, hazırda İran və Venesuelada baş verən hadisələrin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Ölkə başçısı ümidvar olduğunu bildirib ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. “Bizim istəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir”- deyə cənab Prezident deyib.
Müsahibədə Avropa ölkələrini bu gün ən çox narahat edən enerji təminatı məsələlərinə də yer ayrılıb. Bildirilib ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə ölkəmizin enerji əməkdaşlığı artmaqdadır. Hazırda Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri ilə nəql edilən qaz ixracatının coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.
Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Ölkəmizin bir çox Avropa ölkəsi ilə yaxşı münasibətləri var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, bazarda ehtiyatlarını satmaq fürsətidir. Bu gün Azərbaycan öz təbii qazını təkcə Avropaya satmır, bu yaxınlardan artıq Suriyaya da qaz ixracına başlanılıb. Ölkə başçısı bu zaman qiymət baxımından Avropa bazarının daha sərfəli olduğunu vurğulayıb.
Bu gün Beynəlxalq investorlar Azərbaycana daha çox sərmayə yatırmağa can atır. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkün olub. Dövlət başçımızın Davosda keçirdiyi görüşlər Azərbaycan iqtisadiyyatının gələcək inkişafı, şaxələndirilməsi üçün mühim rol oynayır. Azərbaycan uzun illərdir ki, bu platformadan məharətlə istifadə edərək çox böyük iqtisadi dividentlər əldə edir, öz imkanlarını dünyaya tanıdır. Son təmaslar xarici ticari əlaqələrimizi genişləndirəcək, ölkəmizə yeni investisiyalar gətirəcəkdir.
Tufan Məmmədov – iqtisadçı ekspert

