Sağ tərəfi iflic olan və danışıq qabiliyyətini itirən senator Kler Enql səs vermək üçün Senata gəlir

Bu gün, 12:14           
Sağ tərəfi iflic olan və danışıq qabiliyyətini itirən senator Kler Enql  səs vermək üçün Senata gəlir
10 iyun 1964-cü il, beyin şişindən əziyyət çəkən, sağ tərəfi iflic olan və danışıq qabiliyyətini itirən senator Kler Enql ABŞ tarixinin ən mühüm səsvermələrindən birində iştirak etmək üçün xəstəxananı tərk edərək Senata gəlir.
ABŞ-da 1950-ci illərin ortalarından vüsət alan Vətəndaş hüquqları uğrunda hərəkat 21 ştatda mövcud olan irqi ayrı-seçkiliyə federal səviyyədə son qoymağı aktuallaşdırdı. Müvafiq qanun layihəsini hələ Con Kennedi Konqresə təqdim etmişdi. Lakin onun qəbulu seqreqasiya tərəfdarlarının müqaviməti nəticəsində uzanırdı.
Kennedinin ölümündən sonra prezident olan Lindon Consonun israrı və müəyyən prosedur qaydalarından istifadəsi sayəsində Nümayəndələr palatası “Vətəndaş hüquqları haqqında” Qanunu 1964-cü il fevralın 10-da qəbul etdi.
Qanun martın 30-da Senatın müzakirəsinə çıxarıldı. Səsvermə zamanı məğlub olacaqlarını görən irqçilik tərəfdarları obstruksiyaya əl atdılar. Onlar fasiləsiz müzakirələr, uzun çıxışlarla qanunun qəbul edilməsinə mane olmağa çalışdılar. Bu “filibuster” taktikası 2 aydan çox çəkdi.
Müzakirələri dayandırmaq üçün isə 100 senatordan 67-nin səsi lazım idi. Senat sonuncu dəfə 37 il əvvəl, 1927-ci ildə müzakirələri dayandırmaq təklifinə səs vermişdi.
2/3 səs çoxluğu tələb edən səsvermədə hər bir səs qiymətsiz idi. Kaliforniyanı təmsil edən demokrat Kler Enql də məhz buna görə xəstəxananı tərk edərək Kapitoli binasına gəldi.
Səsvermə adbaad keçirilirdi. İclasın sədri senatorun adını çəkir, o da qalxaraq “lehinə” və ya “əleyhinə” olduğunu deyirdi. Kler Enqlin adını çəkəndə zalı “qulaqbatırıcı səssizlik” bürüdü. Çünki hamı onun nitq qabiliyyətini itirdiyini bilirdi.
Enql iflic olmayan sol əlini çətinliklə yuxarı qaldırdı və şəhadət barmağı ilə öz gözünə işarə etdi. İngilis dilində səsvermə zamanı lehinə olmağı ifadə edən "Aye" sözü ilə göz mənasına gələn "Eye" sözünün tələffüzü eynidir. Senator da bu üsulla tarixi səsvermədə iştirak etdi.
Senat 71 səs lehinə, 29 səs əleyhinə olmaqla müzakirələri dayandırmaq barədə qərar qəbul etdi. 9 gün sonra Qanun müəyyən dəyişikliklərlə qəbul edildi. Həmin dəyişikliklərə görə Nümayəndələr Palatası bir də səsverməyə çıxardı və iyulun 2-də qəbul etdi. Qanun elə həmin gün Lindon Conson tərəfindən imzalanmaqla qüvvəyə mindi.
Senator Kler Enql isə iyulun 30-da 53 yaşında vəfat etdi.
Yadigar Sadigli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru