İran Kəşfiyyatı bəyanat yaydı
Bu gün, 09:34

İran Kəşfiyyat Nazirliyi ABŞ və İsrailin rəsmi Tehrana qarşı metodlarını dəyişdiyini bəyan edib.
TEREF xəbər verir ki, açıqlamada düşmən tərəfin xüsusilə iqtisadi çətinliklər və yüksək qiymətlərdən sui-istifadə edərək sosial provokasiyalar yaratmağı, ölkə daxilində sui-qəsd və sabotaj aktları törətməyi planlaşdırdığı bildirilib. Nazirliyin bəyanatında qeyd olunub ki, ABŞ və İsrail öz məqsədlərinə çatmaq üçün İrana qarşı "yumşaq müharibə" və "müxtəlif qəsdlər" tətbiq etməyə çalışır. Kəşfiyyat Nazirliyinin rəsmi açıqlamasında bu məqamlar vurğulanıb: “Düşmən son müharibənin əvvəlində açıq şəkildə elan etdiyi, lakin hərbi təcavüzlə nail ola bilmədiyi ölkəni dağıtmaq və parçalamaq məqsədini indi başqa yollarla həyata keçirməyə çalışır. Bu çərçivədə ABŞ və İsrail “yumuşaq müharibə, koqnitiv müharibə və hibrid müharibə” metodlarına üstünlük verib".
Məlumatda həmçinin qeyd olunub ki, qarşı tərəf silah, sursat və xüsusilə "Starlink" kimi rabitə cihazlarının qaçaqmalçılığını artırmağı, bəzi media qurumlarından casusluq və təxribat məqsədilə istifadə etməyi, sosial media platformalarını isə dezenformasiya üçün aktivləşdirməyi hədəfləyir. İran Kəşfiyyat Nazirliyi bu planlara qarşı zəruri tədbirlərin görüldüyünü və xalqın birliyinin bütün bu təhdidləri boşa çıxaracağını bəyan edib. İran Prezidenti Məsud Pezeşkian isə hərbi sahədə uğursuzluğa düçar olan düşmənin indi ölkənin iqtisadi müqavimətini hədəf aldığını bildirib. O, özəl sektorun gücləndirilməsinin milli müqaviməti artıracağını vurğulayıb: “Hərbi arenada məqsədlərinə çata bilməyən düşmən ölkənin iqtisadi dayanıqlığına zərbə vurmağa və insanların dolanışıq mənbələrini sıradan çıxarmağa diqqət ayırıb. Hazırda əsas döyüş meydanı iqtisadi müharibədir"./Sfera.az/

