"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..."
Bu gün, 00:04

Naxçıvanda tülkülər artıq şəhər məhəllələrində yuva qurub balalayacaq qədər sərbəstləşiblər. Sakinlərin sözlərinə görə, vəhşi heyvanlar həyətlərə və damlara çıxır, axşam saatlarında isə yaşayış sahələrində açıq şəkildə dolaşırlar.
Onlar uşaqları həyətə buraxmağın artıq riskli olduğunu deyirlər.
Sakinlər aidiyyəti qurumlara müraciət etsələr də, problemə əhəmiyyət verən olmadığını bildirirlər. Vəziyyətin xüsusilə Böyük Bağın aşağı hissəsində və Çuxur məhəlləsində daha ciddi olduğu qeyd olunur.
Çuxur məhəlləsində yaşayan V. Səfərov deyir ki, sakinlər quduzluq və digər xəstəliklərin yayılmasından ehtiyat edirlər:
“Axşam saat 9 olmamış tülkülər görünür. Həyətlərdə yuva qurub balalayırlar. Bizim həyətdə bir həftədən çoxdur görünürlər, qonşularda isə əvvəldən var. Həyətdə toyuq saxlayanlar var, toyuq görən kimi parçalayırlar.
Uşaqları nəzarətsiz şəkildə həyətdə qoymağa qorxuruq. Həm hücum edə bilərlər, həm də hansısa xəstəlik daşıyıcısı ola bilərlər. Xüsusilə quduzluq və digər zoonoz xəstəliklərdən ehtiyat edirik. Kimsə onlara toxuna da bilmir, çünki vəhşi heyvanı öldürməyə görə cəza var. Belə olan halda aidiyyəti qurumların məsələyə operativ reaksiya verməsi vacibdir.”
Digər sakin M. Qurbanov isə deyir ki, aidiyyəti qurumlara müraciətlər nəticəsiz qalıb:
“Fövqəladə Hallar Nazirliyi, Ekologiya qurumları, şəhər İcra Hakimiyyəti və bələdiyyə məsuliyyəti bir-birinin üzərinə atır. Qorxudan həyətdə oturmaq olmur. Toxunulmazlıq onları arxayın salıb və artıq insan görəndə saya belə salmırlar. Çarəsiz vəziyyətdə qalmışıq. Nə edəcəyimizi bilmirik.”
Sakinlər aidiyyəti dövlət qurumlarından problemin araşdırılmasını və yaşayış məntəqələrində yaranmış təhlükənin aradan qaldırılmasını tələb edirlər.
"Gündəlik Naxçıvan"

