Fransa 100 ildən sonra yenidən qızıl sikkə buraxır
Bu gün, 00:11

Fransa uzun fasilədən sonra yenidən investisiya məqsədli qızıl sikkələrin satışına başlayır.
Valyuta.az xəbər verir ki, Paris Mint açıqlayıb ki, “Marianne” adlı yeni qızıl sikkələr iyunun 16-dan etibarən satışa çıxarılacaq. Bu, Fransada son yüz ildən artıq müddətdə buraxılan ilk tam qızıl investisiya sikkələri olacaq.
Yeni sikkələr dörd fərqli versiyada təqdim ediləcək. Onların çəkisi 3,1 qramdan başlayaraq 31,1 qrama qədər dəyişəcək. Sikkələrin bir tərəfində Fransa Respublikasının simvolu hesab edilən Marianne təsviri, digər tərəfində isə ölkənin ərazilərinin xəritəsi yer alacaq.
Tarixən Fransada investisiya məqsədli ən məşhur qızıl sikkələrdən biri “Napoleon” sikkələri olub. Bu sikkələr 1803–1914-cü illərdə dövriyyədə istifadə olunurdu. Ondan daha qədim olan “Louis d’or” qızıl sikkələri isə ilk dəfə 1640-cı ildə dövriyyəyə buraxılmışdı.
Yeni “Marianne” sikkələrinin qlobal bazarda Krugerrand, Canadian Maple Leaf və American Gold Eagle kimi məşhur investisiya sikkələri ilə rəqabət aparacağı bildirilir.
Paris Mint-in rəhbəri Mark Şvarts bildirib ki, layihənin əsas məqsədi Fransada qızıl bazarını daha əlçatan etməkdir. Onun sözlərinə görə, son illərdə qızıl qiymətlərinin artması investor marağını da gücləndirib.
Hazırda qızılın bir unsiyasının qiyməti təxminən 4 600 dollar civarındadır. Paris Mint həmçinin qızılın evdə saxlanması riskindən yayınmaq istəyən investorlar üçün “e-Marianne” adlı rəqəmsal variant da təqdim edəcək. Bu halda qızıl şirkət tərəfindən saxlanılacaq və investor istədiyi vaxt onu sata biləcək.

