Zelenski qışdan əvvəl Rusiya ilə danışıqlar üçün vaxt elan etdi
Bu gün, 10:44

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya döyüş meydanında təşəbbüsü tədricən itirdiyi üçün hazırda müharibənin diplomatik yolla nizamlanması üçün imkan yaranıb.
O, bu barədə özünün "Telegram” kanalında paylaşım edib.
Ukrayna liderinin sözlərinə görə, Rusiya 2025-ci ilin dekabrından etibarən döyüş meydanında təşəbbüsü itirməyə başlayıb. Zelenski bildirib ki, 2026-cı ilin yanvarında amerikalı tərəfdaşlarına danışıqlar üçün imkan pəncərəsinin açıldığını deyib, çünki hər ay Rusiya daha çox hərbi itki verir.
Prezident vurğulayıb ki, hazırda Rusiya ordusu bir ay ərzində işğal etdiyi ərazilərdən daha çox ərazi Ukrayna qüvvələri tərəfindən azad edilir:
"Buna görə də hesab edirəm ki, növbəti qış başlamazdan əvvəl diplomatik yol tapmalı, masa arxasına əyləşib danışmalıyıq. Lakin bu, həm Rusiya cəmiyyətinin Vladimir Putinə daxili təzyiqindən, həm də ABŞ və Avropanın Rusiyaya qarşı sanksiya təzyiqindən asılıdır”.
Zelenski Avropanı mümkün danışıqlarda kimin təmsil edə biləcəyi məsələsinə də toxunub. O, artıq mövcud olan E3 formatını – Böyük Britaniya, Fransa və Almaniyanı xatırladıb.
"Bunun ən yaxşı format olub-olmadığını bilmirəm, amma hesab edirəm ki, bu ölkələr Avropa adından danışıqlar aparan tərəf ola bilərlər. Şimali Avropa ölkələrində də etibarlı tərəfdaşlarımız var. Türkiyə isə hər zaman vasitəçi olmaq istəyib və hərbi əsirlərimizin qaytarılması məsələsində onların köməyi ilə müəyyən uğurlar əldə etmişik”, deyə Ukrayna Prezidenti qeyd edib.
Onun sözlərinə görə, Avropanı danışıqlarda kimin təmsil edəcəyinə ilk növbədə Ukrayna və Avropa ölkələri qərar verməlidir. Zelenski əlavə edib ki, Rusiyanın dialoqa və Avropanın prosesdə iştirakına hazır olması da mühüm əhəmiyyət daşıyır.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Rusiya Ukraynada müharibənin başa çatdırılması ilə bağlı sülh danışıqlarında Avropanın vasitəçi rolunu qəbul etmir. Onun sözlərinə görə, Avropa münaqişənin tərəfidir və Ukraynanı dəstəkləyir.
Peskov bildirib ki, Avropa Ukraynaya silah tədarük etdiyi halda vasitəçi roluna iddia edə bilməz. O, həmçinin Rusiya ilə dialoqdan tam imtinanın "Brüsselin ən böyük səhvi” olduğunu qeyd edib.

