Müxtəlif yollarla sürücülük vəsiqəsi alanlar Azəriqazın nəqliyyatını idarə edə biləcəklərmi?

Dünən, 22:28           
Müxtəlif yollarla sürücülük vəsiqəsi alanlar Azəriqazın nəqliyyatını idarə edə biləcəklərmi?
Məlumata görə, yaxın aylarda SOCAR-ın Azəriqaz İstehsalat Birliyinin bütün struktur bölmələrində nəqliyyat təminatının yeni qaydada təşkili və hazırda xidmət göstərən sürücülərdən imtina edilməsi planlaşdırılır.
Qeyd edək ki, Azəriqaz İB-nin struktur bölmələrində fəaliyyət göstərən 800-dən artıq sürücü SOCAR Nəqliyyat İdarəsinin əməkdaşlarıdır və müqavilə əsasında Azəriqazın müxtəlif idarə və xidmət sahələrində çalışırlar. Həmin şəxslərin böyük əksəriyyəti 2009-cu ildə Azəriqazın SOCAR-ın tərkibinə daxil edilməsindən sonra bu sahədə fəaliyyətə başlayıb və uzun illər ərzində peşəkar sürücü kimi çalışıblar.
İddialara əsasən, Azəriqaz İB gələcəkdə nəqliyyat vasitələrini öz balansına qəbul etməyi və onların idarə olunmasını təmirçi-çilingər və digər texniki heyətə həvalə etməyi nəzərdə tutur.
Maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, 2025-ci ilin sentyabr-oktyabr aylarında aparılan struktur dəyişiklikləri zamanı sürücülük vəsiqəsi olmayan bir sıra çilingərlərin ixtisara salındığı bildirilir. Məlumatlara görə, iş yerlərini itirmək təhlükəsi ilə üzləşən bəzi əməkdaşlar sonradan müxtəlif yollarla sürücülük vəsiqəsi əldə edərək əmək fəaliyyətlərini davam etdirməyə nail olublar.
Bu vəziyyət bir daha göstərir ki, bəzi hallarda Azəriqaz və SOCAR strukturlarında işə qəbul və kadr seçimində namizədlərin peşə hazırlığı, praktiki bacarıqları və tutacaqları vəzifəyə uyğunluğu lazımi səviyyədə qiymətləndirilmir. Çünki nəqliyyat vasitəsini idarə etmək üçün təkcə sürücülük vəsiqəsinə sahib olmaq kifayət deyil. Peşəkar sürücülük uzun illərin təcrübəsi, yüksək məsuliyyət hissi və xüsusi bacarıqlar tələb edən bir peşədir.
Uzun illər bu sahədə çalışan təcrübəli sürücülərin əvəzində yalnız sürücülük vəsiqəsi əldə etmiş şəxslərin nəqliyyat vasitələrini idarə etməsinin planlaşdırılması isə təhlükəsizlik, işin keyfiyyəti və idarəetmənin səmərəliliyi baxımından ciddi suallar doğurur. Bu yanaşmanın gələcəkdə hansı nəticələr verəcəyi və mümkün risklərin necə idarə olunacağı isə açıq qalan əsas məsələlərdən biridir.
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru