Kuman Bəyliyi m.ö XVIII əsr.

Bu gün, 16:04           
Kuman Bəyliyi m.ö XVIII əsr.
Sami və hurri tayfalarının m.ö. III-II minillərdə təzyiqilə dağılan Subar boybirliklərindən qalmış bəzi boyların İkiçayarasının quzey bölgələrində və Fərat çayının batı yaxalarında yerləşdiyini görmək olur. Belə boylardan biri də kumanlardır. Fəratın batı yaxasına keçən kumuq və kuman boyları bir müddətdən sonra yerli tayfaların içində əriyib getdi, lakin onların yerləşdiyi ərazilər uzun müddət Kumuq və Kuman ölkəsi kimi tanındı. Asur yazılarında Kammanu, Boğazköy kitabələrində Kummaneşmax, Kummanni, Urartu yazılarında Qamana şəklində verilən ölkə indiki Malatiya bölgəsini əhatə edirdi.
Burada haqqında danışacağımız digər Kuman ölkəsi isə Dəclə çayının doğusunda qədim Azərbaycan sınırında idi. Görünür, Ptolemey bu iki kuman ölkəsini fərqləndirmək üçün əvvəlkini Kόμανα Kαππαδο κία ς (Kappadokiya Kumanı) adlandırmışdır. Urartu qaynaqları həmin çağlarda daha bir kamaniu (kuman) boyunun Göycə gölü yaxasında yaşadığını göstərir. Bu kumanlar indiki Basarkeçər bölgəsinin qədim sakinləri idi. Dəryal (Daryol) keçidində gürcü arxeoloqlarının axtarışı ilə üzə çıxan Kuman qalası da m.ö.VII-VI əsrlərdə salınmışdır. Hazırda təkcə Lənkəran bölgəsində üç Kumanlı kəndi vardır.
Tarixi qaynaqlar qədim türk boylarından biri olan kuman boyunun m.ö II minildə Qədim Azərbaycanın batı qonşuluğunda yaşadığını, miladdan sonrakı minildə isə zaman-zaman bir ucu Sibir, digər ucu Avropanın ortalarına çatan ərazilərdə göründüyünü əks etdirir. Bu boyların belə uzaq regionlara miqrasiya etmə səbəbi ayrıca bir boyun tarixi-coğrafi bəlgələri ilə deyil, ümumtürk tarixi fonunda aydınlaşır. Çünki Qıpçaq Bozqırından (Dəşti-Qıpçaq) keçən digər soydaşlarının tarixi taleyini kuman boyları da yaşamışdır. Göründüyü kimi, tarixi qaynaqlar kuman boylarının miladdan öncəki minillikdə üç müxtəlif regiona (Kiçik Asiya, Dəclə yaxası, Qafqaz) dağıldığını əks etdirir. Burada onların hamısından deyil, yalnız Dəclə yaxasındakı kumanlar haqqında bəzi tarixi sənədləri şərh edib, subar, qut, turuk, kumuq və sair qədim türk boyları kimi, kumanların da Ön Asiyadan doğu və quzey yönlərə miqrasiya etdiyini görmək üçün Azərbaycan üzərindən Quzey-Qafqaza və Qıpçaq çölünə gedən kumanların tarixi durumuna, ötəri də olsa toxunacağıq.
Öncə onu deyək ki, türk dillərində kürən, sarışın anlamı verən kuman adı altında tanınan boylarla kontaktda olmuş xalqlar onları əsasən kumanu, kumenu (asur, urartu), kumanos, kumanoi (yunan, latın) adlandırsa da, bəzi yazılarda bu boy adının kuman//kuban, koman// koban, kaman//kaban, kumanlı//kumandı şəklində yayıldığını da görmək olur. Əgər kuman adındakı «sarışın» anlamını nəzərə alsaq, türk boyları içində onların həm də sarı, ər-sarı, sarı-uqur, sarı-tirgiş, sarıcalı adı daşıyan soylarla ilgisi olduğunu düşünmək olar. Rus abidələrində sarışın (polovets) kimi tanınan kumanlar alman yazılarında da eyni anlamda (Falben) xatırlanır. Məşhur kuman bəyi Şarukan (Sarıxan) adında həmin anlam vardır.
Dəclənin sol yaxasında kuman boyları m.ö. XIII-VII əsrlərdə vaxtaşırı Asur-Urartu yazılarında yad olunur. Bu yazılara görə, Kuman ölkəsi Dəclə çayının doğu qolu Xabur ilə Cudi dağı arasında yerləşir. E. Forrer bu yazılarda kumanların başkəndi kimi verilən Kipşu toponimini Xabur kənarındakı Zaxodan 14 km aralı olan müasir Qefşe ilə eyniləşdirmiş və sonrakı tədqiqatçıların hamısı bu fikri qəbul etmişlər. (...)
Yeri gəlmişkən, bunu da diqqətə alaq ki, basırıqlar yanında daşbaba heykəli və balbal qoymaq gələnəyi bir çox türk boylarında vardır, lakin bu heykəllərin sağ əlində kasa, sol əli kəmərdə olan özəl növü kuman-qıpçaq boylarına aid olub onların məskunlaşdığı yerlərdə görünür. Kuman-qıpçaq boyları qədim türk daş- baba gələnəyini türklərin Atayurdundan quzeyə, Qafqaz üzərindən Doğu Avropa- ya, doğuda Altayacan aparmış, bu gələ- nək Qıpçaq çölü boyunca yayılmışdır. Bu daşbabaların ən qədim örnəkləri isə hələ- lik haqqında danışdığımız Kuman bəyli- yində (Hakkari), Savalan dağı ətəklərində və Astara, Abşeronda tapılmışdır.
Xristian kuman-qıpçaq boyları. Türk xalqları arasında xristianlıq ən çox kuman-qpçaq boylarının içində yayılmışdır. Bunun səbəbi onların tərkibində çoxsaylı boy birliklərinin olması, Ön Asiya, Orta Asiya, Güney Avropa bölgələrinə yayılması, daha çox xristian xalqlarla təmasda olması ilə bağlı idi. Onların çoxu doğuda islam dininə keçsə də, bir hissəsi orta və batı bölgələrdə yəhudiliyi və xristianlığı qəbul etmişdilər. Batıda daha çox kuman adıyla yazılı qaynaqlara düşən bu çoxsaylı türk boyları doğu və orta bölgələrdə qıpçaq adıyla tanınmışdır. Ərəbdilli qaynaqlarda onlar xifçak adlanır. Kumanlara «sarışın» anlamında rus qaynaqlarında polovets, alman yazılarında falven deyillməsi sarı, ər-sarı, sarı-uqur, sarı-tirgiş, sarıcalı adlı türk boylarının da kuman-qıpcaqlardan sayilması ehtimalını artırır, belə ki, qaynaqlarda Aral gölü yaxınlığında sarı boyunun qıpçaqlara qovuşması qeyd olunmuşdur. Bu sarı sözü kuman bəyi Sarıxanın (Şarukan) adında özünü göstərdiyi kimi, Sarıxandan 6-7 əsr öncə Arpaçayı bölgəsində Sirak (Şirak) elinin məşhur Kamsarakan soyunun da Kam-Saruxan adı ilə bağlı olduğunu düşünməyə əsas verir, çünki burada Qıpçaq adında kənd salınmış, sonralar Qıpçaq-vəng də burada tikilmişdir.
Bunu vurğulamaq gərəkir ki, qədim türk dilində kürən, sarışın anlamlı kuman adı altında tanınan boylarla kontaktda olmuş xalqlar onları əsasən kumanu, kumenu (asur, urartu), kumanos, kumanoi (yunan, latın) adlandırsa da, bəzi yazılarda və danışıqda bu boyadının kuban, koban, koman, kumanlı, kumandı şəklində yayıldığını da görmək olur. Altayda özlərini kumandı-kiji (kumanlı-kişi) adlandıranların bir bölümü Aşağı-Kumandı və Yuxarı-Kumandı adlı kəndlərdə yaşayırlar. Buradakı Yeti-Kuman toponimi əski rus qaynağında kuman toplumu içində adı keçən Yetebiç (Yeti-oba) etnonimilə təkrar olunur. Bu qaynaqlarda Toksobiç (Tokuz-oba), Ulaşeviç (Ulaş soyu), Burçeviç (Börüce soyu), Terterebiç (Tərtər soyu) və başqa kuman-qıpçaq boyadlarının keçiməsi göstərir ki, onlar çoxsaylı böyük toplum idi. Güney-doğu Avropadan ta Güney Sibir bölgələrinəcən min kilometrlərlə uzanan bölgələr «Qıpçaq-Çölü» adlandığı kimi, bütöv Avrasiyada kuman-qıpçaqların ayağı dəyən yerlər də Kuman-Qıpçaq yeradları ilə doludur.
Əsas mənbə "Doqquz Bitik" (Firudin Ağasıoğlu)
Təvəkgül Nəbioğlu














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru