Rusiya Ermənistana son sözünü dedi - Qaz olmayacaq!
Bu gün, 11:34

Ermənistanın iqtisadi və siyasi müstəvidə fərqli tərəfdaşlar axtarmaq cəhdləri fonunda Rusiya tərəfi İrəvana yönəlik növbəti strateji və kəskin xəbərdarlığını edib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Ermənistan enerji bazarında Rusiya qazına heç bir real alternativ yoxdur və gələcəkdə də mövcud olmayacaq.
Aleksey Overçuk "Vesti" telekanalının efirində qaz bazarındakı mövcud vəziyyəti çox yaxşı bildiklərini vurğulayıb. Onun sözlərinə görə, Ermənistanda Rusiya qazından başqa bir mavi yanacaq heç vaxt olmayacaq: "Bütün məsələ yalnız ondan ibarətdir ki, Ermənistan Rusiya qazını haradan alacaq və hansı vasitəçiyə pul ödəyəcək. Ermənistanda vəziyyət çox mürəkkəb olacaq, biz isə bunu istəmirik".
Baş nazirin müavini hazırda Avropanın belə hələ də Rusiya qazını almağa davam etdiyini xatırladaraq Ermənistan rəhbərliyini coğrafi reallıqlara diqqət yetirməyə çağırıb. O qeyd edib ki, İrəvan rəsmilərinin sadəcə xəritəyə və hazırda fəaliyyət göstərən boru kəmərlərinə baxması kifayətdir. Overçuk gələcəkdə Ermənistanın Rusiya qazını daha ağır şərtlərlə – 30 faizlik ixrac rüsumu, yüksək bazar qiymətləri və öz gəlir payını tələb edən vasitəçilərin əlavə xərcləri ilə almalı olacağını da diqqətə çatdırıb.

