Putinin milli azlıqlar "həmləsi"nə Zelenskinin cavabı
Bu gün, 12:08

Ermənistanda seçki öncəsi 2026-cı ilin mayında Vladimir Putinin imzaladığı qanuna əsasən, Rusiya prezidenti xaricdə olan Rusiya vətəndaşlarının müdafiəsi məqsədilə Rusiya Silahlı Qüvvələrindən istifadə etmək səlahiyyətinə malikdir. Qanun xüsusilə Rusiya vətəndaşlarının xarici ölkələrdə həbs edilməsi, saxlanılması və ya cinayət təqibinə məruz qalması hallarında hərbi qüvvədən istifadə imkanını nəzərdə tutur.
Qanunun mətnində əsasən "Rusiya vətəndaşları" ifadəsi işlədilir. Lakin bir çox analitiklər qeyd edirlər ki, Rusiya keçmişdə də "rusların" və ya "rusdilli əhalinin müdafiəsi" arqumentindən istifadə edib. Bu arqument 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə Krımda və 2022-ci ildə Ukrayna ilə bağlı rəsmi izahatlarda səsləndirilmişdi.
Əslində Rusiyada prezidentin xaricdə qoşun istifadə etməsi üçün hüquqi mexanizmlər əvvəldən də mövcud idi. Hələ 2009-cu ildə qəbul edilmiş dəyişikliklərdə xaricdəki Rusiya vətəndaşlarının qorunması məqsədilə Silahlı Qüvvələrin ölkə xaricində istifadəsi nəzərdə tutulmuşdu. Son zamanlar Rusiya hökuməti dünya praktikasında olmayan bir iyrənc siyasətə əl ataraq qonşu ölkələrin vətəndaşlarına Rusiya pasportları paylamaqla orada Rusiya vətəndaşları "yarada" bilir. Bunu ruslar Azərbaycanın Qarabağ bölgəsində, Moldovanın Dnestryanı bölgəsində, Gürcüstanın Rusiya işğalında olan hissəsində və Ukraynada da etmişdi.
Ukrayna Prezidenti putinin bu addımına qarşılıq olaraq rus dilinin Ukraynada qorunan regional və azlıq dilləri siyahısından çıxarılması haqqında qanunu imzalayıb. Qərarın əsaslandırılmasına görə, Rusiya Ukraynaya qarşı apardığı təcavüz siyasətində "rusdilli əhalinin müdafiəsi" arqumentindən istifadə edib. Buna görə də Ukrayna hakimiyyəti rus dilinə digər milli azlıqların dilləri ilə eyni statusun verilməsini məqsədəuyğun hesab etməyib.
Necə deyərlər:
Qara məni basınca mən qaranı basım.
Джавид Дамирли
TEREF

