Azərbaycanda nihilizm və kosmopolitizmə qarşı gecikmiş “mübarizə” ...
Bu gün, 12:04

Səməd Vurğun Cəfər Cəfərovdan nə istəyirdi?
Beşinci yazı
1955-ci il iyunun 24-də MK bürosunun iclasında Abdulla Bayramov Mərkəzi Komitədə Cəfər Cəfərovla bağlı hazırlanmış arayışı oxudu. O, qeyd etdi ki, MK-da söhbət zamanı Cəfərov bir sıra səhvlərini etiraf etdi və bunu nəzərə alaraq elm və mədəniyyət şöbəsi “Ədəbi tənqidçi Cəfər Cəfərovun nəzəri səhvləri haqqında” qərar qəbul edilməsini təklif edir. Onun fikrincə, bu qərarda Cəfərovun tənqidi yazılarında və MK-da işlədiyi dövrdə buraxdığı səhvlər göstərilməli, ona tövsiyə edilməlidir ki, səhvlərindən nəticə çıxartsın, habelə mətbuatda çıxış edib səhvlərindən nəticə çıxartdığını nümayiş etdirsin. Eyni zamanda Yazıçılar İttifaqına tapşırılırdı ki, öz səhvlərini düzəltmək üçün ona işləməyə şərait yaratsın. Cəfər Cəfərov məsələnin belə qoyuluşu ilə razılaşdı.
Lakin MK üzvləri kimi Səməd Vurğun və Süleyman Rəhimov Abdulla Bayramovun fikri ilə razılaşmadılar. Səməd Vurğun dedi: “Birincisi, mən prinsipial baxımdan bununla razı deyiləm. Təqdim olunan layihədən belə çıxır ki, Yazıçılar İttifaqı və onun rəhbərliyi Cəfər Cəfərova ədalətsiz ittiham elan edib. Yazıçılar İttifaqının rəhbərliyinə daxil olan bir şəxs kimi mən tələb edirəm ki, layihədə Cəfərova münasibətdə İttifaqın doğru qərar qəbul etdiyi qeyd olunsun. İkincisi, qərarda söhbət yalnız Cəfərovun nəzəri səhvlərindən getməməlidir, orada yazılmalıdır ki, o, son illər Mir Cəfər Bağırovun əlində alətə çevrilmişdi və bizim bütün uğurlarımızı inkar etmişdi. Əgər qərar Bayramov deyən kimi yazılsa, mən etiraz edirəm”.
Süleyman Rəhimov isə əlavə etdi ki, Cəfər Cəfərovun məsələsi ancaq ona aid məsələ deyil, Cəfərovun məsələsi ədəbiyyat cəbhəsində ideologiya məsələsidir. O, dedi: Cəfər Cəfərov tamamilə tərksilah edilməlidir, yarımçıq etiraflar, öz səhvlərini axıra qədər ifşa etməmək ona imkan verməyəcək ki, yazıçı kollektivindən kömək görsün. Xahiş edirəm elə qərar qəbul edin ki, orada Cəfərovun bütün səhvləri öz əksini tapsın. Yoxsa Səməd Vurğunun dediyi kimi, Abdulla Bayramovun sözlərindən belə çıxır ki, Yazıçılar İttifaqı Cəfərovu üzvlükdən düzgün çıxarmayıb.
Bu məqamda Abdulla Bayramov dedi: İttifaq hələ onu üzvlükdən çıxarmayıb, Cəfərov İdarə Heyətinin qərarı ilə Yazıçılar İttifaqından çıxarıla bilərdi, o, isə Rəyasət Heyətinin qərarı ilə çıxarılıb. Mən bunu nöqsan tutanda yoldaşlar istəyirdilər ki, səhv qərarlarını Cəfərovun iştirakı olmadan plenumun qərarına salıb təsdiq etsinlər, mən isə buna etiraz etdim. Mən dedim ki, əgər çıxartmağı vacib sa-yırsınızsa, məsələni düzgün sənədləşdirin. Abdulla Bayramovdan sonra söz alan Mirzə İbrahimov çıxış edib məsələni bir qədər yumşaltdı və son anda razılığa gəlindi ki, qərar layihəsini redaktə etmək İmam Mustafayev, Mirzə İbrahimov və Abdulla Bayramova tapşırılsın.
Lakin məsələ bununla başa çatmadı. 1955-ci ildə keçirilən Yazıçılar İttifaqının plenumunda Süleyman Rəhimov yenidən Cəfər Cəfərovun məsələsinə qayıtdıqda və bu məsələ ilə bağlı yenidən Rəsul Rza, Ənvər Məmmədxanlı və Sabit Rəhmanı ittiham etdikdə Rəsul Rza ona çox sərt cavab verdi və dedi: “Bilmirəm Süleyman Rəhimov yoldaş nə üçün təzədən bu məsələni qurcalayır və məqsədi nədir. Əgər təhdid, hədə-qorxu yolu ilə məni mütləq onun dediyinə boyun əyməyə, onun dediyini deməyə məcbur etməkdirsə, bu, əbəs bir zəhmətdir”.
Buna baxmayaraq Süleyman Rəhimov Cəfər Cəfərova qarşı mübarizədə Rəsul Rza, Ənvər Məmmədxanlı və Sabit Rəhmanın da adlarının plenumun qəra¬rına düşməsinə nail ola bildi. Orada deyilirdi: “Plenum Rəsul Rza, Ənvər Məmmədxanlı, Sabit Rəhman yoldaşlara xəbərdarlıq edir ki, onların şəxsi mənafeləri üçün prinsipsiz qrup mübarizəsini müdafiə etmələri ədəbiyyatımızın düzgün inkişafına zərər vurur, onun bütün yaradıcı qüvvələrinin birləşdirilib möhkəmlənməsinə mane olur və həmin ədəbiyyatçıların yazıçı kütləsindən tamamilə ayrı düşməsinə gətirib çıxara bilər.”
Nəhayət, uzun mübahisələrdən sonra 1955-ci il iyul ayının 20-də Mərkəzi Komitə bürosu “Sov.İKP üzvü Cəfər Cəfərovun ciddi səhvləri haqqında” qərar qəbul etdi. Qərarın giriş hissəsində Cəfərovun ədəbiyyat tənqidçisi kimi Azərbaycan ədəbiyyatının inkişaf perspektivləri, vəziyyəti və tarixinin qiymətləndirilməsində bir sıra nəzəri və siyasi səhvlərə yol verdiyi qeyd olunurdu. Eyni zamanda Azərbaycan KP MK-nın ədəbiyyat və incəsənət şöbəsinin müdiri olarkən onun praktiki fəaliyyətində ciddi səhvlər burax¬dığı sənəddə göstərilərək qərara alınırdı:
1. Cəfər Cəfərovun ədəbiyyatşünaslıq fəaliyyətində və praktiki işində buraxdığı ciddi səhvlər pislənilsin. Ondan tələb edilsin ki, buraxdığı səhv¬lər barədə mətbuatda prinsipial tənqidi məqalə ilə çıxış etsin, səhv¬lərindən lazımi nəticələr çıxartsın və özünü praktik işdə doğrultsun. Azərbaycan Yazıçılar İttifaqına təklif edilsin ki, buraxdığı səhvləri praktiki fəaliyyətində aradan qaldırmaq işində Cəfərova köməklik etsin.
2. Azərbaycan Sovet Yazıçılar İttifaqına tapşırılsın ki, Azərbaycan So¬vet ədəbiyyatının gələcək inkişafı və tarixinin aktual problemlərini öz mətbuat orqanlarının səhifələrində geniş, əsl elmi əsaslarla işıqlandırılmasını təmin etsin.
Beləliklə, 1955-ci ilin iyulunda nəinki Azərbaycan ədəbi mühitində, eləcə də siyasi həyatında təxminən bir ilə yaxın davam edən mübahisəli bir məsələyə son qoyuldu. Bütün bu müzakirələr Mir Cəfər Bağırovdan sonra Azər¬baycan yazıçılarının və yaradıcı ziyalılarının hansı səviyyədə fəallaşmasının əyani təzahürü idi. Bu qərardan sonra Cəfər Cəfərov sözün tam mənasında öz üzərində ciddi şəkildə işlədi. O, 1954-cü ilin axırlarından Azərbaycan Dövlət Universitetinə pedaqoji işə göndərilmişdi. Cəfər Cəfərov 1955-ci ildə namizədlik müdafiəsi edib filologiya fakültəsində dosent vəzifəsini tutdu. 1959-cu ildə isə o, Memarlıq və İncəsənət İnstitutunun teatr və kino şöbəsinin müdiri təyin edildi. 1961-ci ildə sənətşünaslıq üzrə doktorluq dissertasiyası müdafiə etdi, bir il sonra Azərbaycan EA-nın müxbir üzvü seçildi, 1963-cü ildə professor elmi adını aldı. Cəfər Cəfərov Şıxəli Qurbanovun qəfil vəfatından sonra 1967-ci ilin avqustunda Vəli Axundovun təqdimatı ilə ideoloji məsələlər üzrə Azərbaycan KP MK-nın katibi seçildi və 1971-ci ilə qədər bu vəzifədə işlədi.
Cəmil Həsənli
Milli Şuranın sədri, tarixçi alim.

