Ev dustaqlığındakı Ramiz Mehdiyevin böyüyən ailə biznesi

Bu gün, 00:09           
Ev dustaqlığındakı Ramiz Mehdiyevin böyüyən ailə biznesi
Ramiz Mehdiyev uzun illər Azərbaycan hakimiyyətinin ən təsirli fiqurlarından biri hesab olunub. 1995–2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edən Mehdiyev sonradan AMEA prezidenti postuna keçirildi, 2022-ci ildə isə bu vəzifədən də getdi.
2025-ci ildə onun adı artıq siyasi vəzifə ilə yox, cinayət işi ilə gündəmə gəldi. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti ələ keçirməyə yönələn əməllər və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur. Məhkəmə onun barəsində ev dustaqlığı qərarı verib və bu müddət daha 5 ay uzadılıb.
Amma açıq dövlət məlumatları başqa bir sualı da aktuallaşdırır: illərlə hakimiyyətin ən yüksək idarəetmə mərkəzində olmuş şəxsin ailə biznesi vəzifədən sonrakı dövrdə necə fəaliyyət göstərib?
Dövlət satınalmaları portalında Mehdiyevin ailə çevrəsi ilə əlaqələndirilən “Kaspian Telekom” MMC-nin 2026-cı ildə dövlət qurumları ilə müqavilələr bağladığı görünür. Şirkət Gəncədə liftlər üçün internet xidməti, Kəlbəcərdə isə dövlət aqrar mərkəzi üçün internet xidməti üzrə müqavilələr əldə edib. Hər iki halda satınalma açıq tenderlə yox, bir mənbədən satınalma üsulu ilə aparılıb.
Bu isə sual doğurur: internet xidməti kimi alternativli bir sahədə dövlət qurumları niyə rəqabətli tender keçirmədən məhz bu şirkəti seçib?
Mehdiyevlər ailəsi ilə əlaqələndirilən digər şirkət “Şərq-Qərb” ASC-dir. Şirkət 2025-ci ili 10 milyon manatdan çox gəlirlə başa vurub. Həmin il dövlət qurumları və dövlətə bağlı müəssisələrlə ümumi dəyəri 3 milyon manatdan artıq olan 6 müqavilə imzalayıb.
Açıq məlumatlar göstərir ki, Ramiz Mehdiyev siyasi vəzifələrdən uzaqlaşdırılsa da, onun ailəsi ilə əlaqələndirilən bizneslər dövlət sifarişləri və kommersiya gəlirləri baxımından aktivliyini qoruyub.
meydan tv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru