Çinin süni intellekt startapı 71 milyard dollar dəyərlə yeni investisiya raunduna hazırlaşır
Bu gün, 09:18

Çinin süni intellekt startapı "DeepSeek" ilk maliyyələşdirmə raundunu başa vurduqdan cəmi bir ay sonra yeni investisiya cəlb etməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, şirkət potensial investorlarla ilkin danışıqlara başlayıb və yeni raundda bazar dəyərinin təxminən 71 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilməsi nəzərdə tutulur.
"DeepSeek" ilk maliyyələşdirmə raundunu bu ilin may ayının sonlarında tamamlayıb. Həmin raund çərçivəsində startap təxminən 7 milyard ABŞ dolları investisiya cəlb edib və investisiya daxil olmaqla 52 milyard ABŞ dolları bazar dəyəri ilə qiymətləndirilib.
"DeepSeek" ötən ilin əvvəlində təqdim etdiyi V3 və R1 süni intellekt modelləri ilə qısa müddətdə həm Çində aparıcı AI şirkətlərindən birinə çevrilib, həm də beynəlxalq texnologiya sektorunda diqqət mərkəzinə düşüb.
Şirkətin hazırladığı modellər ABŞ-nin Silikon Vadisində də müsbət qiymətləndirilib və Çinin süni intellekt sahəsində rəqabət qabiliyyətinə dair təsəvvürlərin dəyişməsinə səbəb olub.
Qeyd edək ki, "DeepSeek"in öz süni intellekt çipini hazırlayır. Şirkət bununla hazırda modellərinin hazırlanması və işlədilməsi üçün istifadə etdiyi "Nvidia" və "Huawei" çiplərindən asılılığını azaltmağı hədəfləyir.

