Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər

Bu gün, 00:12           
Böyük Britaniyada kapital tələbləri yumşaldılır: “Nationwide” 40 milyard funt əlavə kredit ayıra bilər
Böyük Britaniyanın maliyyə naziri Reçel Rivsin (Rachel Reeves) kapital tələbləri ilə bağlı islahatları Londonda keçiriləcək “Mansion House” tədbirində açıqlayacağı gözlənilir.

“The Independent”=ın verdiyi xəbərə görə, tədbirdə İngiltərə Bankının sədri Endryu Beyli (Andrew Bailey) də iştirak edəcək.

Kapital tələbləri bankların mümkün maliyyə risklərinə qarşı saxlamalı olduqları ehtiyat vəsaitini müəyyən edir. Yeni plana əsasən, əsasən ipoteka kreditləri verən aşağı riskli maliyyə qurumları üçün bu tələblər azaldılacaq. Daha riskli fəaliyyətlə məşğul olan investisiya banklarına isə dəyişiklik şamil edilməyəcək.

“Nationwide”ın hesablamasına görə, kapital tələbi 4,3 faizdən 3,75 faizə endirilərsə, təşkilat iqtisadiyyata əlavə 40 milyard funt həcmində ipoteka və biznes krediti yönəldə biləcək.

“Nationwide”ın baş icraçı direktoru Debbi Krosbi (Debbie Crosbie) bildirib ki, bu addım həm iqtisadi artımı dəstəkləyəcək, həm də maliyyə sisteminin dayanıqlığını qoruyacaq.

Ötən il “Nationwide” Böyük Britaniyanın ikinci ən böyük ipoteka krediti təminatçısı olub. Tikinti Cəmiyyətləri Assosiasiyasının məlumatına görə, gələn il ölkənin ipoteka bazarında artımın 89 faizinin bu sektordan gələcəyi gözlənilir.

Şirkət hazırda “Virgin Money” vasitəsilə biznes bankçılığı xidmətləri göstərir. 2027-ci ildən etibarən bu xidmətlərin “Nationwide” brendi altında təqdim olunması planlaşdırılır.

İslahatlar hökumətin iqtisadi artım proqramının tərkib hissəsidir. Bununla yanaşı, hökumət innovativ şirkətlər və startaplar üçün 500 milyon funt vəsait ayırdığını da açıqlayıb.

Paylaş












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru