Dünənki Şəms Təbrizi və bu günki İran ayətullaları...
Bu gün, 17:44

Mövlananın mürşidi olan Şəms Təbrizi bir gün Dəclə çayında gəzməyə çıxır. Görür ki, çayın kənarında bir dərviş oturub çaya baxır. Dərvişdən soruşur ki, burda nə edirsən? Dərviş cavab verir:
-Çaya baxıb ayı görürəm.
Yəni çayın üzərində ayın əksini seyr edirəm.
Qeyd edim ki, təsəvvüf əhlinin bir-biriləri ilə bu cür obrazlı danışıqları olurdu. Onlar fikirlərini birbaşa yox, müxtəlif ibarələrlə tərəf müqabillərinə çatdırırdılar. Buna klassik ədəbiyyatda kinayə də deyirdilər.
Əslində dərviş Şəms Təbriziyə də kinayəli cavab vermişdi. Demək istəmişdi ki, məxluqun simasında Allahın qüdrətini seyr edirəm.
Şəms Təbrizinin növbəti sualı ilginc olur:
-Boynuna çiban çıxıb ki, ayı seyr etmək üçün başını qaldırıb göyə baxmırsan, ayın əksini çay üzərində seyr edirsən?
Yəni Şəms Təbrizi demək istəmişdi ki, Allahı kəşf etmək üçün onun inikasını varlıq üzərində axtarmağa dəyməz. Ən qısa yol, birbaşa onun özü ilə irtibata keçməkdir.
İrfani söhbətlərdən uzaq olsa da, İranın ABŞ gəmilərini, İsraili bir kənarda buraxıb Xameneinin qisasını Bəhreyn, Küveyt, Qətər kimi balaca müsəlman ölkələrindən alması mənə Şəms Təbrizinin bu hekayəsini xatırlatdı. Təəssüf ki, 21-ci əsrin ikinci yarısında gündə bir ayətullah istehsal edən İran mollaxana fabrikası 13-cü əsrdə yaşamış insanlar qədər irəligörüşə sahib deyil.
Heydər Oğuz

