Qərbə Çin asılılığından xilas olmaq üçün 23,6 trilyon dollar lazımdır - TƏHLİL

Bu gün, 16:08           
Qərbə Çin asılılığından xilas olmaq üçün 23,6 trilyon dollar lazımdır - TƏHLİL
ABŞ və Avropa üçün kritik texnologiyalar və istehsal sahələrində Çindən asılılığın azaldılması növbəti 25 il ərzində əlavə 23,6 trilyon dollar investisiya tələb edəcək.

Valyuta.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti “EY-Parthenon” şirkətinin iqtisadi təhlilinə istinadən məlumat yayıb.

Hesabatın hesablamalarına görə, 2050-ci ilədək ABŞ-a 13,7 trilyon dollar, avrozonaya 9,1 trilyon dollar, Böyük Britaniyaya isə 800 milyard dollar həcmində əlavə investisiya lazım olacaq.

Ekspertlər bildirirlər ki, bu məbləğ Avropa İttifaqı üçün illik büdcənin demək olar ki, iki dəfə artırılması deməkdir. ABŞ üçün isə illik əlavə xərclərin təxminən 550 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.

Məruzə müəllifləri qeyd edirlər ki, Çin məhsullarından tam imtina praktiki baxımdan mümkün deyil. Belə ki, Çin dünya üzrə litium və kobalt tədarükünün 60 faizdən çoxuna, qrafit və nadir torpaq metalları bazarının isə təxminən 80 faizinə nəzarət edir.

Bundan başqa, Çin istehsalı olan məhsulların qiyməti əksər hallarda yerli alternativlərdən xeyli, bəzi hallarda isə iki dəfə aşağıdır. Onların yerli istehsalla əvəzlənməsi inflyasiya təzyiqlərini artıracaq.

Təhlilə əsasən, Avropada əsas sənaye sahələrində qiymətlər 1–2,5 faiz arta bilər. Bu isə Avropa Mərkəzi Bankı və İngiltərə Bankının 2 faizlik inflyasiya hədəfini üstələyə bilər.

Ekspertlər həmçinin bildirirlər ki, yeni zavodların və infrastrukturun qurulması ilə yanaşı, kadr hazırlığına və istehsalın avtomatlaşdırılmasına da böyük həcmdə investisiyalar tələb olunacaq.

Hesabat müəlliflərinin fikrincə, ən real ssenari “qismən ayrılma” modelidir. Bu yanaşma çərçivəsində yalnız ən həssas sahələrə məqsədyönlü investisiyalar qoyulması nəzərdə tutulur. Bu isə vergiödəyiciləri və biznes üçün həddindən artıq maliyyə yükünün qarşısını ala bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru