Dövlət satınalmalarında təsnifat kodu problemi - Texniki səhv, yoxsa ...?

Bu gün, 12:24           
Dövlət satınalmalarında təsnifat kodu problemi -
Dövlət satınalmaları sistemində şəffaflığın və rəqabətin təmin edilməsində əsas elementlərdən biri də satınalma predmetinin düzgün təsnifat kodu (CPV – Common Procurement Vocabulary) ilə elan edilməsidir. Bu kodlar satın alınacaq mal, iş və ya xidmətin növünü müəyyən edir, sahibkarların maraqlandıqları tenderləri rahat tapmasına, dövlət xərclərinin düzgün statistik uçotunun aparılmasına və satınalma prosesinin şəffaf şəkildə izlənilməsinə xidmət edir.

Bizimesr.com bildirir ki, son aylar elektron satınalmalar portalında dərc olunan bir sıra tenderlərdə satınalma predmeti ilə seçilmiş təsnifat kodu arasında ciddi uyğunsuzluqlar müşahidə olunur. İnformasiya texnologiyaları, proqram təminatı, təlim, konsaltinq və digər xidmətlərə aid tenderlərin fərqli sahələrə aid kodlarla elan edilməsi artıq təsadüfi texniki səhv deyil, araşdırılmalı olan sistemli problem təsiri bağışlayır.

Bu cür uyğunsuzluqlar ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Halbuki dövlət satınalmaları sahəsində təsnifat kodu sadəcə statistik göstərici deyil. Potensial iştirakçı şirkətlər fəaliyyət istiqamətlərinə uyğun tenderləri məhz bu kodlar vasitəsilə axtarır, elektron sistemlər bildirişləri həmin təsnifata əsasən göndərir, analitik hesabatlar və dövlət satınalmalarının strukturu da bu kodlar üzərində formalaşdırılır.

Əgər informasiya texnologiyaları üzrə xidmət "çap məhsulları", tikinti işi "məsləhət xidməti", yaxud təlim xidməti tamamilə başqa kateqoriya altında yerləşdirilərsə, həmin sahədə fəaliyyət göstərən şirkətlər tenderi ümumiyyətlə görə bilməyə bilər. Bu isə rəqabətin zəifləməsinə, iştirakçı sayının azalmasına və dövlət vəsaitinin daha səmərəli xərclənməsi imkanlarının məhdudlaşmasına səbəb ola bilər.

Məsələn, bu yaxınlarda Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən elan olunan "AI və rəqəmsal tədris ekosistemində kompetensiyaların gücləndirilməsi xidmətləri" tenderində əsas təsnifat kodu kimi 14111500 – "Çap və yazı kağızı" göstərilmişdi. Halbuki tenderin məzmunu süni intellekt, rəqəmsal təhsil, müəllimlərin ixtisasartırılması və imtahanların təşkili xidmətlərini əhatə edirdi. Bu, təsnifat kodunun satınalma predmeti ilə uyğunluğu barədə haqlı suallar doğurur.

Əlbəttə, ayrı-ayrı hallarda bunun texniki və ya insan faktoru ilə bağlı səhv olması mümkündür. Lakin oxşar halların müxtəlif satınalan təşkilatlarda təkrar müşahidə edilməsi məsələnin daha dərindən araşdırılmasını zəruri edir.

Burada əsas suallardan biri nəzarət mexanizmi ilə bağlıdır. Elektron satınalma sistemində satınalma predmeti ilə seçilmiş təsnifat kodunun uyğunluğu avtomatik yoxlanılırmı? Yoxlanılırsa, bu cür açıq uyğunsuzluqlar sistemdən necə keçir? Yox əgər belə bir yoxlama ümumiyyətlə mövcud deyilsə, bu, elektron satınalma sistemində təkmilləşdirilməli olan vacib istiqamətlərdən biridir.

Yanlış təsnifat kodlarının daha bir mənfi təsiri dövlət satınalmalarının statistik göstəricilərində özünü göstərir. Məsələn, təlim və ya rəqəmsal xidmətlərə ayrılan vəsait kağız məhsulları və ya başqa kateqoriyalar altında qeydə alınarsa, dövlətin hansı sahəyə nə qədər vəsait yönəltdiyini obyektiv qiymətləndirmək çətinləşir. Bu isə həm analitik hesabatların, həm də ictimai nəzarətin keyfiyyətinə təsir göstərir.

Bu səbəbdən aidiyyəti dövlət qurumlarının məsələyə aydınlıq gətirməsi vacibdir. Xüsusilə aşağıdakı suallar cavablandırılmalıdır:

Tenderlərdə CPV təsnifat kodlarının düzgün seçilməsinə kim cavabdehdir?
Yanlış kodla elan olunmuş tenderlər aşkarlanarkən hansı tədbirlər görülür?
Elektron satınalma sistemi bu cür uyğunsuzluqları avtomatik müəyyən edə bilirmi?
Son illərdə neçə tender təsnifat kodu səhvi ilə elan olunub və onlardan neçəsində sonradan düzəliş edilib?

Təsnifat kodları sadəcə texniki detal deyil, rəqabət, şəffaflıq və ictimai etimad baxımından mühüm əhəmiyyət daşıyan elementdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru