Ət, balıq və toyuq bazarına yeni qaydalar: Tələb də artır, qiymət də
Bu gün, 08:09

Balıqçılıq təsərrüfatlarında yoxlamaların dayandırılması ilə bağlı istisnalar artırılır.
Məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.
Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna edilən dəyişikliklə yoxlamaların dayandırılması ilə bağlı istisnaların siyahısı genişləndirilir. Dəyişikliyə əsasən, qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətlə yanaşı, balıqçılıq sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar da qanunun tətbiq dairəsinə daxil ediləcək.
Digər dəyişiklik "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Qanuna təklif olunur. Layihəyə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı yenilənir. Belə ki, layihələndirilməsi nəzərdə tutulan heyvandarlıq müəssisələri üzrə hədd müəyyən edilir.
Təsərrüfatda mövcud bütün heyvanlar nəzərə alınmaqla layihə üzrə heyvan saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalentinə bərabər və ya ondan çox olduqda ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.
Eyni zamanda, quşçuluq müəssisələri üçün də yeni meyar müəyyənləşdirilir. Layihə üzrə quş saxlama tutumu 40 min baş toyuq ekvivalentinə bərabər və ya ondan çox olduqda bu fəaliyyət ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb ediləcək. Dəyişikliklə balıqçılıq, o cümlədən akvakultura təsərrüfatları da ilk dəfə siyahıya daxil edilir.
İllik əldə olunan balıq və digər su bioresurslarının ümumi çəkisi 500 ton və ya daha çox olduqda layihələrə ətraf mühitə təsirin qiymətləndirilməsi tətbiq olunacaq. Bundan başqa, aqroparklar üçün də yeni tələb müəyyən edilir.
Aqroparklarda heyvandarlıq, quşçuluq və ya balıqçılıq fəaliyyətlərindən hər hansı biri üzrə müəyyən edilən hədlərə bərabər və ya ondan çox göstərici olduqda ətraf mühitə təsirin qiymətləndirilməsi aparılacaq.
Yeni meyarların tətbiqi sahibkarlara və heyvandarlıq, quşçuluq, balıqçılıq təsərrüfatlarına necə təsir edəcək?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, yeniliyə əsasən bəzi təsərrüfatlar üçün əlavə tələblər yaranacaq:
“Yeni meyarların tətbiqi iri heyvandarlıq, quşçuluq və balıqçılıq təsərrüfatlarının fəaliyyətə başlamazdan əvvəl ətraf mühitə mümkün təsirlərini daha ətraflı qiymətləndirməsini tələb edəcək.
Bu yanaşma torpaq, su ehtiyatları, tullantılar və ekosistemə təsirlərin əvvəlcədən müəyyənləşdirilməsinə, mümkün risklərin azaldılması üçün tədbirlərin görülməsinə imkan verəcək. Eyni zamanda, hansı təsərrüfatların bu prosedura cəlb olunacağı dəqiq hədlərlə müəyyən edildiyindən, qanunun tətbiqində daha aydın və vahid yanaşma formalaşacaq”.
O qeyd edib ki, yeni ekoloji tələblər müəyyən hallarda sahibkarların xərclərini artıra bilər:
“Çünki ətraf mühitə təsirin qiymətləndirilməsinin hazırlanması, müvafiq ekspertiza, monitorinq və ekoloji tələblərin yerinə yetirilməsi əlavə maliyyə və vaxt tələb edir.
Bununla yanaşı, bu tədbirlər uzunmüddətli perspektivdə ətraf mühitə dəyən zərərin qarşısının alınmasına, təsərrüfatların daha dayanıqlı fəaliyyət göstərməsinə və gələcəkdə yarana biləcək ekoloji və hüquqi risklərin azalmasına xidmət edir. Kiçik təsərrüfatlar isə müəyyən edilən hədlərə çatmadıqları halda bu tələblərə cəlb olunmayacaqlar”.

